"22 dini icmanın qeydiyyatından imtina edilib" - Komitə sədri

"22 dini icmanın qeydiyyatından imtina edilib" -  Komitə sədri
  16 Yanvar 2019    Oxunub:3112
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa toxunub. 2018-ci ilin ümumilikdə ölkəmiz üçün uğurlu olduğunu, bir çox sahələrdə nailiyyətlərin əldə edildiyini bildirən DQİDK sədri ötən il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək və qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Bütün bu addımların ölkədəki dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət etdiyini bildirən Mübariz Qurbanlı xüsusilə ötən ilin dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar olduğunu deyib. O, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı və 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun ötən il tam şəkildə fəaliyyətə başladığını vurğulayıb.

Mübariz Qurbanlı bildirib ki, bu ilin dövlət başçısı tərəfindən Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq “Nəsimi İli” elan olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində tədbirlər planı hazırlanır və bu plana əsasən müdrik filosofumuzun ideyalarının təbliğinə xüsusi diqqət yetiriləcək.

Dövlət Komitəsinin sədri daha sonra 2018-ci il ərzində respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək məqsədilə həyata keçirilən müvafiq tədbirlər barədə ətraflı məlumat verib.

Dövlət Komitəsinin sədri 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayının 909-a çatdığını, onlardan 877-nin İslam, 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru olmaqla 32-nin isə qeyri-islam təmayüllü olduğunu vurğulayıb. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciətin (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olduğu, 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə 98 dini icmanın (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.

DQİDK sədri bildirib ki, hesabat dövründə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması sahəsindəki vəziyyətin öyrənilməsi, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində işlər davam etdirilib. İdxalla bağlı 2018-ci il ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyatdan 26-sının çapı məqsədəuyğun sayılmayıb. 741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. O qeyd edib ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.

Hesabat dövründə DQİDK-nın dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Komitə sədri 2018-ci ildə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə respublikanın bütün bölgələrində tədbirlərin təşkil olunduğunu deyib. Ümumilikdə 600-ə yaxın tədbirin keçirildiyini deyən Mübariz Qurbanlı ölkənin şəhər və rayonlarında “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda 13 regional konfrans, “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda 21 seminar-müşavirə və “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda 20 seminar-treninqin təşkil olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə 10, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə 69, Müdafiə Nazirliyi ilə 10, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 10, Dövlət Sərhəd Xidməti ilə 6, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə 33, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə 2, Təhsil Nazirliyi ilə 200-dən artıq birgə tədbir təşkil edilib.

Eyni zamanda, Dövlət Komitəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” və “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” çərçivəsində gördüyü işlərə toxunan Mübariz Qurbanlı bu istiqamətdə 2 konfransın, müxtəlif formatlarda 24 tədbirin keçirildiyini, habelə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda kitabın nəşr edildiyini bildirib.

DQİDK sədri Dövlət Komitəsinin bu tədbirləri həyata keçirərkən hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, habelə Heydər Əliyev Fondu, Qafqaz Müsəlmanları İdarəsi və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq etdiyini deyib.

O, hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə”, “Şəhadət”, “Üfüqdəki gələcək” və “Vəhdət qanımızdadır” adlı sənədli filmlərin ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirildiyini vurğulayıb. Maarifləndirmə sahəsində işlərin Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, Space kanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə də həyata keçirildiyini qeyd edib.

Komitə sədri, həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği məqsədilə keçirilən beynəlxalq tədbirlər, səfərlər barədə də danışıb. Diqqətə çatdırıb ki, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin, həqiqətlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə Komitə əməkdaşları tərəfindən İsrail, ABŞ, Rusiya, Pakistan, Bolqarıstan və Misir Ərəb Respublikasının nüfuzlu və geniş auditoriyaya malik informasiya portallarında məqalələr dərc edilib.

Mübariz Qurbanlı məruzəsində Dövlət Komitəsinin rəsmi saytının yenidən yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlandığını, Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursda vətəndaşlar üçün onlayn müraciət proqramı vasitəsilə birbaşa, asan müraciət imkanı yaradıldığını bildirib.

Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin məruzəsi dinlənilib. Ötən ildə Dövlət Komitəsi tərəfindən Məhərrəm ayı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər barədə danışan şöbə müdiri vurğulayıb ki, 2018-ci ildə “Məhərrəmlik” mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasında irəli sürülmüş qaydalara uyğun keçirilməsi istiqamətində dini icmaların sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılıb. O, vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə maarifləndirmə işinin həyata keçirildiyini bildirib. Dövlət Komitəsi hər il olduğu kimi QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verib. Dini icmalarda bununla bağlı təşviqat və təbliğat işləri ötən il də davam etdirilib. Şöbə müdiri 2018-ci ildə 11-i Bakı şəhərində, 17-si isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 28 ünvanda qanvermə aksiyasının keçirildiyini diqqətə çatdırıb. C.Əlifzadə Dövlət Komitəsi tərəfindən şəhər və rayonlarında aparılan monitorinqlərin, daxil olan məlumatların ümumi təhlilinə əsasən, ötən ildə ölkəmizdə Aşura mərasiminin ümumilikdə sabit keçdiyini, bəzi neqativ hallar istisna olmaqla ciddi pozuntuya yol verilmədiyini vurğulayıb.

Çıxışında eyni zamanda, respubikada dini təhsillə bağlı vəziyyətə toxunan şöbə müdiri dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi,eləcə də müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, hesabat dövründə təmsil etdiyi Agentlik və onun tabeliyindəki Mənəvi Dəyərlər Fondu dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, radikal dini cərəyanlara qarşı müvafiq tədbirlərin görülməsi, cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətini davam etdirib. Qeyd edib ki, Agentliyin tabeliyində olan Fondun vəsaiti hesabına attestasiyadan keçən 202 din xadiminə maddi köməklik göstərilib. Ekspert rəyi verilməsi məqsədilə müvafiq orqanlardan Agentliyə daxil olan 976 adda 1435 ədəd dini təyinatlı ədəbiyyatdan məzhəb ayrı-seçkiliyini özündə əks etdirən 336 adda ədəbiyyatın yayılmasının qarşısı alınıb. Agentlik Qazı yanında Şura ilə birlikdə din xadimlərinin biliklərinin artırılması üçün təkmilləşdirmə kursları təşkil edib. İl ərzində yerli KİV-də 26 dini maarifləndirici veriliş hazırlanıb, məqalələr dərc edilib, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Tədbirlər Planına əsasən müxtəlif tədbirlər həyata keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə İnstitutun 2018-ci ildə təhsil standartlarının müəyyənləşdirilməsi, strukturunun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, eləcə də maarifləndirmə istiqamətində apardığı ardıcıl və məqsədyönlü işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, İnstitutda bir fakültə və üç kafedra formalaşdırılıb. 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamət - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib. Hazırda İnstitutda bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır. İnstitut maarifləndirmə istiqamətində müxtəlif mövzularda 93 elmi seminar, görüş, dəyirmi masa təşkil edib. Həmçinin fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici təhsil müəssisələri ilə əlaqələr yaradıb. Rektor tədris ilinin başlanğıcında bütün fənlər üzrə lazım olan dərsliklərin hazırlanaraq tələbələrə paylanıldığını qeyd edib. İnstitutda elmi məqalələrin nəşri üçün nəzərdə tutulan “Din araşdırmaları” jurnalının və “İlahiyyatçı” qəzetinin nəşrə başladığını vurğulayıb.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə reallaşdırılan tədbirlər barədə danışıb. Vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alan 1060-dan çox imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Dövlət başçısının digər müvafiq Sərəncamına əsasən isə dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində işlər görülüb. Mənəvi dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında Azərbaycanın bir sıra şəhər və rayonlarında şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə 12 iftar süfrəsi təşkil edilib, Ramazan və Qurban bayramlarında 180-dən çox şəhid ailəsinə ərzaq yardımı edilib, eləcə də uşaq evlərində, cəbhə bölgəsində layihələr icra edilib.

M.İsmayılov 2018-ci ildə aktual mövzulara həsr edilən 11 konfrans, 16 seminar-treninq, 6 seminar-müşavirə, 7 regional seminar, eyni zamanda Fondun könüllüləri üçün Qax rayonunda Yay məktəbinin təşkil edildiyini bildirib. Əlavə edib ki, mənəvi dəyərlərin təbliği və dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə hesabat dövründə Fond tərəfindən 44 adda ədəbiyyat nəşr edilib. Kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği işini həyata keçirmək məqsədilə isə ASAN Radio ilə birgə “Mənəvi dəyərlər” adlı radio veriliş hazırlanaraq təqdim edilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək bildirib ki, Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir. O qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.

E. Nəcəfov ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verdiyini bildirib. O, ötən ildən başlayaraq təmsil etdiyi şöbənin respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirdiyi zona müşavirələrinin dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərdiyini bildirib. Şöbə müdiri eyni zamanda, ölkədə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Sonda Dövlət Komitəsinin 2019-cu il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Azvision.az


Teqlər: DQİDK  





Xəbər lenti