Ağrılı, amma vacib: Struktur islahatları davam etdirilməlidir – TƏHLİL

  16 Yanvar 2019    Oxunub : 3908
 Ağrılı, amma vacib: Struktur islahatları davam etdirilməlidir – TƏHLİL
Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsilə bağlı əlavə tədbirlər haqqında Fərman son illər ərzində əhatə etdiyi və toxunduğu qurumların sayına görə, struktur islahatına dair ən böyük addım sayılır. Belə ki, 10-a yaxın qurum ləğv olunacaq və yaxud fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi, həmçinin ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunacaq.
Buna qədər yalnız ayrı-ayrı strukturlara və ya qurumlara dair uyğun sənədlər imzalanırdı. Onların da bəzisi bir sıra qurumların hətta "şişməsi" ilə nəticələnmişdi. Dövlət başçısı müşavirədə təsadüfən demədi ki, illər boyu yeni qurumlar yaranır, effekti isə o qədər də hiss olunmur: "Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”.

Həqiqətən də, son illər ərzində iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsini asanlaşdırmaq və təkmilləşdirmək məqsədilə struktur islahatları dövlət sektorunda çalışan işçilərin sayını azaltmaq əvəzinə daha da artırması və genişlənməsi ilə nəticələnib. Bir sıra hökumət qurumlarında yeni və əlavə ştatların yaradılması və bunların idarəetmə aparatının “şişməsini” misal göstərmək olar. Ona görə də ölkədə büdcə xərcləri üfiqi olaraq genişlənməkdə olub. Halbuki, əksinə olmalı idi.

Struktur islahatları çox ağrılı və zəruri bir prosesdir. Dövlət başçısı Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı anons vermişdi. Və 3 gün keçmədi ki, müvafiq fərman imzalandı. Struktur islahatlarında məqsəd dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etməkdir. Bu islahatlar müəyyən vaxtlardan bir aparılıb və aparılır. Sadəcə olaraq, bir komplekslilik olmayıb. İndi məhz buna ehtiyac yaranıb.

Belə ki, hələ 2015-2016-cı illərdəki böhran bunu tələb edirdi. Başqa sözlə desəm, qeyd olunan illərdə neftin qiymətinin dünya bazarlarında düşməsilə büdcə xərclərimizdə aşkar və birbaşa olmasa da, təhlükə yarandı. Niyə? Çünki, bizdə idarəetmə strukturlarının hər birinin özü "şişkin" vəziyyətdə olmaqla yanaşı, bunların sayı da çoxdur.

Ölkədə 18 nazirlik, 8 komitə, 2 agentlik, 2 administrasiya, 6 xidmət sahəsi fəaliyyət göstərir. Dövlət başçısı da hökumətin iclasında ona görə qeyd etdi ki, indi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün... "Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır".

Ona görə də, mərhələli olaraq bu sahədə ciddi şəkildə kəmiyyət dəyişiklikləri, struktur islahatı aparmaq tələb olunur. Prezident də iclasda bildirdi ki, indi idarəetmədə struktur köhnəlib, yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü... Odur ki, dövlət başçımızın fərmanı ilə bir sıra büdcə qurumlarının ləğv olunmasını struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar. Sözügedən dalğanın daha hansı qurumları "vuracağı" isə bəlli deyil. Ancaq bu, davam etdirilməlidir.

Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın idarə olunması mexanizmini təkmilləşdirməyə, daha dəqiq desək, struktur islahatına böyük ehtiyac var. Bu, həm büdcə xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq üçün vacib sayılır. Bu mənada dövlət sektorunda çalışanların sayı kəskin azaldılmalıdır. Ona görə ki, büdcədən sosial təyinatlı xərclərin, xüsusən də əməyin ödəniş fondunun əgər, əhəmiyyətli və səmərəli təşkili istənilirsə yeganə yol məhz qeyd olunan amil hesab edilməlidir.

Ümumiyyətlə, idarəetmə aparatında, həmçinin təhsil ilə səhiyyədə çalışanların əməkhaqqları ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanmalıdırsa, dövlət və qeyri-dövlət bölməsində çalışan muzdlu işçilərin sayı ikincinin xeyrinə artmalı və bu sahədə balans düzgün təmin olunmalıdır.

Yeri gəlmişkən, bir sıra büdcə təşkilatlarında əmək haqqlarının qeyri-qənaətbəxş səviyyədə olması da məhz iqtisadiyyatda muzdla çalışan işçilərin sayının struktur vəziyyətindən irəli gəlir.

Düzdür, struktur islahatları bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnir. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq zəruri sayılır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq üçün vacib amil sayılır.

Ölkədə 800 min dövlət büdcəsi işçisi var. Bu, olduqca böyük rəqəmdir. Bunun bir hissəsi özəl sektorda çalışsa yaxşıdır və daha məqsədəuyğundur. Onlara verilən maliyyə hesabına isə yerdə qalan dövlət büdcəsi işçilərinin maaşlarını artırmaq olar.

Sözün qısası, iqtisadiyyatı idarəetmə mexanizmi və aparatı nə qədər yığcam təşkil edərsə, bir o qədər az məsrəfli və keyfiyyətli olar. İqtisadiyyatı idarəetmədə səmərəlilik birinci növbədə az məsrəflə yüksək çevikliyi ehtiva edir. Bu mənada, dövlət başçımızın son fərmanı bunu nisbətən təmin edəcək. Tam uğurlu nəticə əldə etmək və məqsədə çatmaq üçün isə bu siyasət davam etdirilməlidir və etdiriləcək də.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Struktur-islahatları   İslahat