Bakıya qar yağacaq

  15 Yanvar 2019    Oxunub : 5131
 Bakıya qar yağacaq
Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə səbəb Aralıq tsiklinin ölkə ərazisinə yaxınlaşmasıdır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən günlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək:

"Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2° isti olacaq".

U.Tağıyeva qeyd edib ki, yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur.

Departamentin direktoru əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 8-10 metrə qədər qalxacaq.

Aytən Zəhra
Azvision.az

Teqlər: Hava   ETSN   Qar