Naxçıvanda 208 kq heroin aşkar edilib

 Naxçıvanda 208 kq heroin aşkar edilib
  12 Yanvar 2019    Oxunub:2538
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, gömrük orqanları tərəfindən büdcənin formalaşdırılması istiqamətində 2018-ci il üçün müəyyən olunmuş 7 milyon 800 min manatlıq proqnoz-tapşırığa 120,24 % əməl olunub. Hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 10,86 %-ni təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və İtaliya ilə həyata keçirilib.

2018-ci ildə gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 12 cinayət faktı üzrə ümumilikdə 208,1 kq heroin, 238,4 qram metanfetamin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 1,4 qram metadon, 0,5 qram tramadol, 0,04 qram klonazepam aşkarlanıb. Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, birgə həyata keçirilmiş 3 əməliyyat-axtarış tədbiri nəticəsində 38,4 qram həşiş qətranı, 17,9 qram tiryək, 9,5 qram marixuana, 100 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb.

Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 62 min 251 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılıb. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, 877 halda ekspertiza həyata keçirilib. Ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Gömrük   DGK  





Xəbər lenti