Bu il Azərbaycanı hansı qlobal iqtisadi təhlükələr gözləyə bilər? – TƏHLİL

  11 Yanvar 2019    Oxunub : 1999
 Bu il Azərbaycanı hansı qlobal iqtisadi təhlükələr gözləyə bilər? – TƏHLİL
Dünya iqtisadiyyatının üzərini yenə "qara buludlar" aldığı haqda fikirlər söylənilir, proqnozlar irəli sürülür. Halbuki, əslində bunu müəyyən etmək çətindir. Dünya iqtisadiyyatı elə bir xüsusiyyətlərə malikdir, elə tərzdə çalışır və nəfəs alır ki, heç bir qlobal böhran və çöküş haqda konkret və dəqiq proqnoz vermək mümkün deyil. Bunu təcrübə də sübut edib.
Bununla belə, sözsüz ki, müəyyən tendensiya və templərə əsasən, ehtimallar söyləmək mümkündür. Bəli, ümumən, cari il və bundan sonrakı il ərzində iqtisadi artımda və sairədə yavaşıma müşahidə ediləcəyi aydın görünür. Bir sıra beynəlxalq qurumlar, o cümlədən, təhlil və reytinq mərkəzləri tərəfindən mövcud vəziyyətin pisləşəcəyi haqda irəli sürülən fikirlər də məhz bununla əlaqədardır.

Məsələn, Dünya Bankının bu ilki qlobal proqnozlarına əsasən, 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi artım tempi əvvəlki illərdəkindən ləng olacaq. Xüsusən, aparıcı ölkələrdə göstəricilərin aşağı düşəcəyi bildirilib ki, iqtisadi artım tempinin zəifləyəcəyi başlıca olaraq zəngin ölkələrdə, xüsusilə ABŞ-da müşahidə olunacaq. Sözügedən tendensiya daha sonra isə Avrozona ilə Yaponiyaya da yol tapacaq.

Başqa sözlə desəm, məşhur misalda deyildiyi kimi, Amerikada "asqırırlarsa və boğaz ağrısı" başlayıbsa, demək, Avropaa artıq çoxdan zökəm olub. Digər qurumlar da oxşar proqnozlar irəli sürürlər və bütün bunları da əsas onunla əsaslandırırlar ki, Tramp administrasiyası düzgün vergi və ticarət siyasəti yürütmür, Amerika mərkəzi bankı uçot dərəcəsini artırmaqda davam edir, ümumən aparıcı ölkələr arasında rəqabət amilləri getdikcə güclənir və ədalətsiz şəkil alır, siyasi ambisiyalar iqtisadi amilləri üstələyir və sair.

Bəs, əslində, vəziyyət necədir? Mövcud durum yaxın perespektivdə böhran vəd edirmi? Bundan ən çox hansı ölkələr zərər çəkə bilər? Ümumiyyətlə, dünya iqtisadiyyatındakı hazırki meyllər Azərbaycan kimi xırda ölkələr üçün yaxında nədən ehtiyatlanmağı tövsiyə edir?

Bəli, dünya iqtisadiyyatına nəzər yetirsək, görərik ki, hər 5-10 ildən bir böhranlar yaşanır. Əslində iqtisadi böhranlar müxtəlif formalarda özünü büruzə verir. Belə ki, dünya iqtisadiyyatının aparıcı ölkələri arasında gedən rəqabət, anlaşılmazlıq və ticarət savaşları nəticəsində belə böhranlar yaranır. Sonuncu böyük böhran 2008-ci ildə yaşandı və qısa müddət ərzində bu, dünyanın maliyyə sisteminin çökməsi ilə nəticələndi.

Daha sonra 2014-cü ilin yayında dünya iqtisadiyyatı müəyyən problemlərlə üzləşməyə başladı. Həmin böhran da dünya bazarlarında neftin qiymətinin birdən-birə enməsi ilə əlaqədar olaraq yaşandı. Bu böhran dövlət büdcəsinin gəlirləri enerji resurslarından asılı olan ölkələrin, o cümlədən də Azərbaycanın iqtisadiyyatını vurdu. Həmin ərəfədə milli valyutamız iki dəfə devalvasiyaya uğradı.

Hazırda isə dünya iqtisadiyyatında gedən proseslər iri ölkələr - xüsusilə də ABŞ ilə Avropa Birliyi və Çin arasında gedən ticarət anlaşılmazlıqları nəticəsində ortaya çıxır. Bunun əsas səbəbkarı isə Ağ Ev administrasiyasının yeritdiyi siyasətdir. Belə ki, bu siyasətin hansı mənfi nəticələrə gətirib çıxaracağı haqda çox söz demək olar. Amma konkret olaraq dünya iqtisadiyyatına silkələyə biləcək fövqəladə hadisə hələ ki, baş verməyib. Və yaxın müddət ərzində də belə bir böhranın baş verəcəyini gözləmirəm.

Çünki ABŞ dünya iqtisadiyyatının aparıcı qüvvəsi sayılsa da onun, Çin və Avropa Birliyi ölkələri ilə rəqabətdə və mübarizədə inadkarlıq göstərməsi bumeranq kimi qayıdıb özünə də dəyə bilər. Bu mənada ABŞ özü də ehtiyatlı davranmağa məcburdur. Və bu, özünü aşkar göstərməkdədir. Bəs, əsas təhlükə nədir və yaxud nədədir?

Yaxın perespektivdə dünya iqtisadiyyatında baş verə biləcək yeganə təhlükə neftin qiyməti ilə bağlıdır. Çünki dünya neft bazarında böyük qeyri-müəyyənlik hökm sürməkdədir. Qiymətlərə təsir edən amillər isə təbii xarakter daşımır. Əgər, qiymətlərdə kəskin enmə müşahidə olunarsa, bu, dünya iqtisadiyyatında xırda payı olan ölkələrə, xüsusilə də dövlət gəlirləri enerji resurslarından asılı olan ölkələrə çox pis mənfi təsir göstərəcək. Bu təhlükə iri ölkələr arasındakı ticarət müharibəsindən daha ciddi xarakter daşıyır. Odur ki, bizim üçün daha aktual məsələ sayılır. Bu mənada deyə bilərəm ki, xırda ölkələrin iqtisadiyyatına ən böyük təhlükə neftin qiymətidir. Böyük ticarət müharibələri yalnız böyük güclərə təsir göstərə bilər.

Odur ki, dünya iqtisadiyyatındakı hazırki meyllər Azərbaycan kimi xırda ölkələr üçün yaxında məhz neftin qiymətindən ehtiyat etməyi tövsiyə edir. Dünya iqtisadiyyatında artım meyillərinin yavaşıyacağı, ABŞ-da hökumətin daxildə yürütdüyü siyasətin təsirlərindən bu ölkənin fond bazarlarında mənfi dinamikanın müşahidə olunacağı, həmçinin məlum ticarət mübahisələri və münaqişələri nəticəsində bir sıra transmilli, o cümlədən tanınmış şirkətlərin istehsal və maliyyə vəziyyətlərinin pisləşəcəyi fonunda isə, bu sahədə yaxşı heç nə gözlənilmir. Belə ki, neftin qiyməti 50-55 dollar həddində rəqs edərsə, möhkəmlənərsə, təhlükədən yan keçəcəyik. Əks halda, çətin olacaq... Qlobal səviyyədə başqa fövqəladə hər hansı bir mənfi hadisə isə baş verəsi deyil.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Böhran   Neft   Qlobal-təhlükə