İtkin düşən dənizçilərin axtarışları bərpa olunub

   İtkin düşən dənizçilərin axtarışları bərpa olunub
  11 Yanvar 2019    Oxunub:1727
Yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən dənizçilərin axtarışı bərpa olunub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AzərTAc-a deyib.

O bildirib ki, dünən qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılmışdı. Yalnız çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla axtarışlar davam etdirilirdi. Bu gün səhər saatlarında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb və məlumat verilib ki, hava şəraiti nisbətən sabitləşib. Axtarışlara yenidən gəmilər və helikopterlər cəlb edilib.

T.Müseyibovun sözlərinə görə, hava şəraiti tam düzələndən sonra axtarışlar geniş radiusda həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.

Azvision.az


Teqlər: Dəniz   İtkin  





Xəbər lenti