DSX-nın aldığı yeni silah-sursat, texnika və avadanlıqlar - DETALLAR (FOTO)

DSX-nın aldığı yeni silah-sursat, texnika və avadanlıqlar -  DETALLAR (FOTO)
  10 Yanvar 2019    Oxunub:10935
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Prezident, Dövlət Sərhəd Xidmətinin döyüş texnikası, silah-sursat və digər təyinatlı avadanlıqlarına baxış keçirib.

Hərbi ekspert Rəşad Süleymanov Azvision.az -a bildirib ki, nümayiş etdirilən silah və hərbi texnikalar arasında İsrailin “Elbit Systems” şirkətindən alınan “Sky Striker” kamikadze pilotsuz uçuş aparatları (PUA) var.



Onun sözlərinə görə, 2016-cı ildə yaradılmış “Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir.

"Elektrik mühərrikə sahib “Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq parrtlayışla məhv edir. Azərbaycan DSX “Sky Striker”in ilk xarici operatorudur. Hazırda DSX həm də İsrailin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze-PUA-lara sahibdir. “Harop” kamikadze-PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub. Təqdimatda “Harop” da nümayiş etdirilib".



Ekspert bildirib ki, DSX son illərdə istifadəyə qəbul etdiyi bəzi atıcı silahları da nümayiş etdirib.

"Bunların arasında AR-15 tipli 7.62×39 mm çaplı patronlardan atəş açan avtomatlar fotoda əks olunub. Avtomatlar Azərbaycanın “Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan “Grey Wolf” adlı səsboğucularla və FLİR termal nişangahları ilə dəstləşdirilib. Orada DSX-nin silahlanmasında yer alan Chey Tac .408 snayper tüfəngi nümayiş olunub. Chey Tac .408 dünyanın ən dəqiq snayper tüfənglərindən hesab edilir. Adıçəkilən snayper tüfəngi postsovet məkanında Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanın silahlanmasındadır".



R.Süleymanov qeyd edib ki, DSX tərəfindən həmçinin yeni istifadəyə qəbul edilən genişlənən konteyner tipli kazarma kompleksi də ilk dəfə nümayiş etdirilib.

"Bu konteynerlər nəqliyyat vasitələrinin üzərində, yaxud yük helikopterlərinin xarici asmasında istənilən əraziyə nəql edilərək, qısa müddətdə açılıb qurula bilir. Konteyner yataqxanalar yaşayış üçün zəruri olan hər cür şəraitə (istilik, havalandırma, elektrik, sanitar qovşaq və s.) malikdir. Həmçinin, DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hazırlanmış “Milli Boat” layihəli itisürətli katerlərin də təqdimatı olub. “Milli Boat” layihəsi üzrə hazırlanan katerlərin 4 versiyası mövcuddur. Bunlar 35, 28, 17 və 14 metr uzunluğa malik itisürətli katerlərdir. Katerlərin sürəti 70 düyün təşkil edir və hazırda Xəzər dənizində bu sürətə malik üzmə vasitəsi mövcud deyil".



R.Süleymanov vurğulayıb ki, bundan əlavə, DSX Fransanın “Safran” və İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan elektro-optik müşahidə və nəzarət sistemlərinə də malikdir. Bu müşahidə sistemlərinin bəziləri bir neçə həftə əvvəl media tərəfindən Qazaxda Ermənistanla dövlət sərhədinin mühafizəsində görüntülənib.



Ekspertin fikrincə, DSX uzaq mənzilli, yüksək dəqiqliyə və effektivliyə malik yeni nəsil silah və müşahidə-nəzarət sistemlərinə daha çox önəm verir. Bütün bunlar düşməni döyüşə girməzdən öncə məhv etməyə, öz növbəsində şəxsi heyət arasında itkiləri minimum səviyyəyə endirməyə hesablanıb. Yeni nəsil müharibələrin strategiyasına uyğun olaraq DSX-nin snayperlərin hazırlanmasına xüsusi diqqət yetirdiyi aydın olur.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: DSX   Silah   Texnika  





Xəbər lenti