“Azərbaycandan Gürcüstana turist axını müşahidə edilmir” - AZTA sədri

  10 Yanvar 2019    Oxunub : 977
 “Azərbaycandan Gürcüstana turist axını müşahidə edilmir” - AZTA sədri
Gürcüstanda “donuz qripi” virusuna yoluxanların sayı getdikcə artır. Artıq 13 nəfər A (H1N1) virusundan ölüb. Ölkə üzrə virusa 158 yoluxma halı qeydə alınıb. Qonşu ölkədə ölümcül virusun yayılması azərbaycanlı turistləri də narahat etməyə başlayıb. Bu səbəbdən Gürcüstana səfər edən azərbaycanlıların sayının xeyli azalacağı proqnozlaşdırılır.
Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov Azvision.az -a bildirib ki, qış mövsümü azərbaycanlı turistlər üçün aktiv dövr deyil. Ona görə də, indiki məqamda Gürcüstana turist axını müşahidə edilmir.

“Azərbaycanda yaşayan insanlar üçün əsas səyahət vaxtları Yeni il, Novruz bayramı və yay mövsümündədir. Yeni ili xaricdə qeyd edənlər artıq ölkəyə qayıdıblar. Demək olar ki, səyahət edənlərin sayı minumum həddə çatıb. Hazırda Azərbaycandan Gürcüstana turist axını yoxdur. İndiki durumda “donuz qripi”nin turistlərin axınına təsir edib-etməyəcəyini demək çətindir”.



N.Bağırov qeyd edib ki, “donuz qripi”ndən ölüm halı ötən ilin sonunda az müşahidə edilib, bu da Yeni il bayramı ərəfəsində Gürcüstana gedən azərbaycanlı turistlərin sayına təsir etməyib.

“Həmin vaxt “donuz qripi” təzə başlamışdı. Həmçinin insanlar tur paketlərini çoxdan aldıqları üçün bayramı qonşu ölkədə keçirmək planlarını təxirə salmamışdılar. Hazırda Gürcüstanda vəziyyət kritikdirsə, insanlar risk edib ora getməzlər. Lakin Gürcüstana gedib-getməmək barədə rəsmi dövlət orqanları məlumat yaymalıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: AZTA   Turist