Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib

Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
  08 Yanvar 2019    Oxunub:1533
Ədliyyə naziri Fikrət Məmmədov Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbuldan əvvəl nazir Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin Ağdaş rayonunda abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə Nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Dövlətimizin başçısının ədliyyə və məhkəmə sisteminin inkişafına diqqət və qayğısından bəhs edən nazir Prezident İlham Əliyevin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramı”nın ədliyyə və məhkəmə sistemi üçün “yol xəritəsi” olduğunu bildirib. Fikrət Məmmədov bu mühüm sənədin işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması və digər prioritetləri müəyyən etdiyini vurğulayıb, bununla bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Eyni zamanda ölkə rəhbərinin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda əsaslı dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, “elektron məhkəmə” sistemi geniş tətbiq olunmaqla işlərə daha operativ baxılmasına xidmət etdiyi vurğulanıb, qanunvericiliyin yeni müddəalarının dərindən öyrənilməsinin və düzgün tətbiqinin zəruriliyi qeyd olunub.

Müşavirədə həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi diqqətə çatdırılaraq tövsiyə və tapşırıqlar verilib.

Azvision.az


Teqlər:





Xəbər lenti