Bakıdan Naxçıvana avtobusla gecə reysi açılır

Bakıdan Naxçıvana avtobusla gecə reysi açılır
  07 Yanvar 2019    Oxunub:4238
11 yanvar tarixindən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.
BBAK-ın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək.

Naxçıvandan isə avtobus saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir. Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

Azvision.az


Teqlər: BBAK   Naxçıvan  





Xəbər lenti