Horadizdən Aprelə: 22 illik əməliyyat – TƏHLİL

      Horadizdən Aprelə:    22 illik əməliyyat –    TƏHLİL
  05 Yanvar 2019    Oxunub:7154
Düz 25 il əvvəl – 1994-cü il yanvarın 5-6-da Azərbaycan Ordusu ən uğurlu əməliyyatlarından birini tamamladı. Bu əməliyyatın uğuru o dövrdə həm siyasi, həm hərbi, həm də psixoloji baxımlardan son dərəcə vacib idi. Niyəsini anlamaq üçün gərək 1994-cü ilin reallıqlarına qısa da olsa, nəzər salaq.
1993-ci ilin birinci yarısında ermənilər praktik olaraq ciddi müqavimətə rast gəlmədən Azərbaycan rayonlarını bir-birinin ardınca işğal edirdilər. Çünki ölkədə hakimiyyət boşluğu vardı, ordu faktiki idarə olunmurdu, daha doğrusu, sözün ciddi mənasında heç nizami ordu da yerli-dibli yox idi. O vaxt ölkəni idarə edənlər... – daha doğrusu, etməyənlər, - buna görə həmişə tarix və Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyacaqlar. Çünki ölkənin bir tərəfində düşmən torpaqları işğal edərkən, digər tərəfində hakimiyyət boşluğu yaratmaq dəhşətli cinayət idi.

İyun ayında Ulu Öndər Heydər Əliyev Bakıya gəlir, amma burada başı tamamilə pozulmuş siyasi hakimiyyəti heç olmasa ilkin şəkildə idarə oluna bilən hala gətirmək üçün ona azı 2 ay vaxt lazım idi. Oktyabrda prezident seçkisi keçirilməli idi. Düşmən isə əlbəttə, oturub bizi gözləməyəcəkdi...

Belə bir vəziyyətdə Orduda təcili islahat aparıb, heç olmasa bir uğurlu əməliyyat keçirmək lazım idi ki, ermənilərin hücumları dayansın və atəşkəs danışıqlarını gündəmə gətirmək mümkün olsun. Yoxsa, asanlıqla başqasının torpaqlarını tuta-tuta gələn hansı ordu atəşkəsə razılaşardı ki?

Bax, həmin həyati əhəmiyətli əməliyyat Horadiz əməliyyatı oldu. Ulu Öndər oktyabrdakı seçkidən dərhal sonra (bəlkə də hətta daha öncə) bu əməliyyatın hazırlıqlarına başlamışdı. Noyabrın 10-da 702-ci briqadanın komandiri Heydər Piriyev Füzuli rayonunun işğalında təqsirləndirilərək, vəzifəsindən azad edilir və onun yerinə polkovnik Şair Ramaldanov təyin olunur. Bu çox düzgün kadr təyinatı ondan xəbər verirdi ki, Ali Baş Komandan Heydər Əliyev qarşıdakı aylarda nə etmək istədiyini və kiminlə etmək istədiyini aydın təsəvvür edir. Hazırda ehtiyatda olan Ramaldanov sonralar müasir Azərbaycanın bacarıqlı və ləyaqətli hərbçilərindən biri olduğunu dəfələrlə təsdiqləyəcəkdi.

Həmin vaxt Azərbaycan Ordusu ardıcıl məğlubiyyətlərdən ruhdan düşmüşdü. Əhalidə “məğlub xalq” sindromu yaranırdı. Ona görə, ölkənin aldığı yaraların heç olmasa bir qismini sağaldacaq qələbəyə hava-su kimi ehtiyac vardı və Ulu Öndər, Ali Baş Komandan Heydər Əliyev bunu gözəl başa düşürdü. Bu səbəbdən, Horadiz əməliyyatı çox məhdud imkanlar və gərgin siyasi şəraitdə olsa da, ağıl, uzaqgörənlik və məsuliyyətlə dərindən düşünülmüşdü. Səhv etmək əsla olmazdı!

Dekabr ayının ortalarında ermənilər Füzuli şəhərinə hücum etməyə çalışsalar da, o vaxta qədər heç yerdə görmədikləri müqavimətlə üzləşdikləri üçün çaşqınlığa düşür və geri çəkilməli olurlar. Bundan sonra 5 istiqamətdə Azərbaycan Ordusunun hücumu başlayır. Yanvarın 6-da Ramaldanovun rəhbərlik etdiyi 702-ci alay Horadizə daxil olur, bir neçəsi strateji əhəmiyyətli olan 20 yaşayış məntəqəsi düşməndən geri alınır. Onların arasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də vardı.

Tarixin qəribə işləri olur... O vaxt təəssüf ki, ermənilərə əlavə qüvvələr göndərildiyindən, biz qaytardığımız ərazilərin bir qismini, xüsusilə də Mehdilini əldə saxlaya bilmədik. Nəticədə Cocuq Mərcanlı kəndi də yaşayış üçün təhlükəli yer kimi qaldı. Amma 22 il sonra Aprel Döyüşlərindən sonra bu dəfə qətiyyətlə qayıtdığımız yerlərdən biri də Cocuq Mərcanlı oldu. Bu kəndin yaxınlığında yerləşən Lələtəpə qələbənin, “Cocuq Mərcanlı” adı isə işğal edilmiş toppaqlara qayıdışın simvoluna çevrildi. Həmin simvolizm özünü siyasi varislikdə də göstərir: Heydər Əliyevin uğurla başlatdığı işi İlham Əliyev uğurla davam etdirdi. Bu baxımdan hətta sanki Horadiz və Aprel döyüşləri arasında 22 illik fasilə verilmiş bir bütöv əməliyyatdır.

O dövrdə Horadiz əməliyyatı hərbi-siyasi sferada yeni reallığın başlanğıcını qoymuşdu, 22 il sonra isə eyni işi Aprel Döyüşləri gördü. Horadiz əməliyyatından sonra ermənilər başa düşdülər ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra artıq qarşılarında tamam başqa bir Azərbaycan var və bu ölkə ilə müharibəni davam etdirmək onların ziyanına işləyəcək.
Eynilə, Aprel döyüşlərindən sonra yenə də ermənilər anladılar ki, bu dəfə də qarşılarında tamam fərqli, yenidən qurulmuş və heç vaxt olmadığı qədər güclü bir Azərbaycan Ordusu dayanıb. Hər iki döyüş ermənilərin psixoloji cəhətdən sınmasına səbəb olmuş, müharibədə yeni mərhələnin başlanmasına dair siqnal vermişdi.

Bir-birilə məntiqi və rəmzi bağlılığı olan hər iki döyüş zamanında düşmənə mesaj verib ki, Azərbaycan Ordusu qarşısına qoyulmuş hədəflərə çatmağa qadir bir qüvvədir. Buna görə də, yaxşı olar ki, əvvəlcə döyüşü dayandırmaq, sonra isə torpaqları necə qaytarmaq məsələsi Azərbaycanın diplomatları ilə müzakirə olunsun, Ordusu ilə yox. Əks halda, Azərbaycan Ordusu Horadizdə başladığı, Apreldə davam etdirdiyi və nöqtəsini hələ də qoymadığı əməliyyatları bərpa edə bilər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Horadiz-əməliyyatı   Horadiz   Aprel-döyüşləri  





Xəbər lenti