Baş Prokurorluq: Gəncə hadisələri ilə bağlı istintaq davam etdirilir

  04 Yanvar 2019    Oxunub : 2981
 Baş Prokurorluq: Gəncə hadisələri ilə bağlı istintaq davam etdirilir
Bu gün Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2018-ci il xalqımız üçün çox uğurlu il olmaqla, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter alıb. Dövlət başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də ötən ilin ölkəmiz üçün əlamətdar olduğu və qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunduğu, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğu xüsusi vurğulanıb.

Bildirilib ki, yola saldığımız il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd olunması, aprelin 11-də seçicilərin mütləq əksəriyyətinin Heydər Əliyev siyası kursuna sonsuz inam və etibarının bariz nümunəsi olaraq cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi, şanlı ordumuzun hərbi gücü və qətiyyəti sayəsində Günnüt kəndi və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, regionda sabitliyə, xalqlarımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcək Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsi, Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmaqla 190 ölkə arasında 25-ci yerdə qərarlaşması, üçüncü peykimizin orbitə çıxarılması ilə əlaqədar Azərbaycanın kosmik sənaye ölkələri arasında mövqeyini daha da möhkəmləndirməsi, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi kimi mühüm hadisələrlə tarixin yaddaşına həkk olundu.

Müşavirədə əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, 2018-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam etdirilib. Prokurorluq orqanlarının səyləri ilk növbədə Prezident cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasına, dövlət maraqlarının müdafiəsinə, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Xüsusi vurğulanıb ki, Prezident cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2018-ci ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Baş İdarə tərəfindən digər cinayət işləri ilə yanaşı, qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv araşdırmalar aparılır. Qeyd edilib ki, Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi təmin edilib.

Hesabat dövründə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılıb. Bu işlər sırasında radikal dindar Yunis Səfərovun iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, həmçinin ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə, mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmçinin 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunub. Hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı sahəsində görülmüş işlər yüksək qiymətləndirilməklə, sərəncamla müəyyən edilmiş vəzifələrin vacibliyi bir daha vurğulanıb.

Baş prokuror dövlət ittihamının müdafiəsi zamanı neqativ hallara yol vermiş əməkdaşlar barəsində ciddi tədbirlər görülməsi, eləcə də bu sahədə əsaslı dönüş yaradılmasına dair konkret tapşırıqlar verib.

Hesabat dövründə Dövlət başçısının gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsinin prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində əldə edilmiş müsbət işlər diqqətə çatdırılıb.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2018-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib.

Bildirilib ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə 2018-ci ilin nəticələrinə görə artım tendensiyası müşahidə edilən cinayətlərin profilaktikası, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat-axtarış tədbirlərinin kəsərliliyinin artırılması, xüsusilə də itkin düşmüş şəxslərlə bağlı açılmış axtarış işləri üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində daxili işlər orqanları ilə qarşılıqlı və əlaqəli şəkildə zəruri tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən şəxslərin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi həssaslıqla yanaşılıb. Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş prokurorun müavini Namiq Əsgərov 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar görülmüş işlər, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2018-ci ilin iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə ətraflı məlumat veriblər.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilmişdir ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Eyni zamanda, 2018-ci il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində prinsipial müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2019-cu ildə də öz səlahiyyət hədləri daxilində Prezident cənab İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcəkdir.

Azvision.az

Teqlər: Baş-prokurorluq   Zakir-Qaralov