Abbas Abbasovun oğlu: “Atam Cəmil Həsənli ilə görüşməyib”

Abbas Abbasovun oğlu: “Atam Cəmil Həsənli ilə görüşməyib”
  07 Noyabr 2013    Oxunub:2218
Abbas Abbasovun oğlu İstanbul görüşü narədə deyilənlərə aydınlıq gətirib.
Baş nazirin keçmiş I müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov atası və qardaşı ilə birgə Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli ilə Türkiyədə görüşdüyünə dair yazılanları təkzib edib.

Aydın Abbasov virtualaz.org saytına müsahibəsində bildirib ki, o, ümumiyyətlə Türkiyəyə getməyib: “Mən oktyabrın sonlarında Moskvaya, atamın yanına getmişəm. İki gündən sonra, “Rus marşı” başlayana qədər Bakıya qayıtmışam. Nə Moskvadan, nə Gəncədən, nə də Bakıdan İstanbula uçmamışam və bu barədə yazılanlar həqiqətdən tamamilə uzaqdır, yalandır”.

Abbas Abbasovun oğlu açıqlamasında atasının həmin günlərdə Türkiyədə olduğunu təsdiqləyib. A.Abbasov bildirib ki, atası İstanbula nəvəsinin ad gününə getmişdi: “Ancaq o, Cəmil Həsənli ilə görüşməyib. Mən belə görüş barədə yazılanları qətiyyətlə təkzib edirəm. Mənim atam uzun müddət bu hakimiyyətdə yüksək vəzifə tutub, mən özüm də bu hakimiyyəti birmənalı şəkildə dəstəkləyirəm. Necə ola bilər ki, mən müxalifət təmsilçisi ilə hansısa gizli məqsədləri müzakirə etmək üçün görüşüm? Bu, mümkün deyil. Mən Cəmil Həsənlini sonuncu dəfə 3 il əvvəl - parlamentin deputatı olanda görmüşəm. O vaxtdan bu yana nə onunla görüşmüşəm, nə də rastlaşmışam”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Türkiyə Tarix Qurumunun toplantısına qatılmaq üçün İstanbulda səfərdə olan professor Cəmil Həsənli “Milyarderlər ittifaqı”nın sədri Abbas Abbasovla, onun deputat oğlu Aydın Abbasovla və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasovla restoranda görüşüb. Görüşün İstanbulun “Çırağan” sarayıında yerləşən restoranda baş tutduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti