Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır

  29 Dekabr 2018    Oxunub : 1250
Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır
Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, altı il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələrədə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.

Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intelektual brenddir.

Fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə böyük rəğbət qazanan konsepsiya son 6 ildə xidmət şəbəkəsini daha da genişləndirib. Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişliŞəkidədir. Hətta 26 milyonuncu müraciət Şəkidə fəaliyət göstərən “ASAN xidmət”də qeydə alınıb.

“ASAN xidmət” bir səyyar qatar və on səyyar avtobusa malikdir. Əhaliyə on bir dövlət orqanı və özəl şirkət müəssisələri ilə birgə 320-yə yaxın xidmət təqdim olunur. “ASAN xidmət”ə edilən 26 milyon müraciətin 7 milyonu məhz bu il qeydə alınıb. Bu il vətəndaşların razılıq əmsalı 99,6 faiz təşkil edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyasları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır.

Bakıda fəaliyyət göstətən “ASAN Kommunal”a indiyədək 850 mindən çox müraciət qeydə alınıb. “ASAN Viza” ilə ölkəyə səfər edən əcnəbilərin sayı dəfələrlə artıb. “ABAD” mərkəzləri isə Azərbaycanda ailə biznesinə dövlət dəstəyini təqdim edir.

“ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi altı il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. İndiyədək könüllüllər tərəfindən 1500-dən çox təlim, 500-dən çox layihə həyata keçirilib və 1000 könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. 16-26 yaş arasında olan könüllülərin sayı 18 min nəfərdir və bu, ölkədə ən böyük könüllü təşkilatıdır.

Son 6 ildə aparılan statistikaya görə, vətəndaş məmnunluğu əmsalı 98-100 fazi arasında dəyişir. Gün ərzində “ASAN xidmət”ə müraciət edənlərin sayı 22 mini ötür.

“ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdə də yüksək qiymətləndirilir. Əfqanıstanda isə “ASAN xidmət” təsis edilib. İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro, və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Proqrama əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO ASAN mükafatı” təsis olunub.

“ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. BMT-nin insan hüquqları şurasında isə “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib. Mərakeş, Əlcəzair Uqanda ilə əməkdaşlığa başlanılıb və bu sahədə işlər davam etdirilir. İntellektual məhsulun ixrac arealı genişlənir.

Azvision.az

Teqlər: ASAN-xidmət