Həmrəylik Günü Meksikada qeyd olunub

Həmrəylik Günü Meksikada qeyd olunub
  28 Dekabr 2018    Oxunub:2580
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində qeyd olunub.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Azvision.az -a verilən xəbərə görə, tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə Səfirliyinin nümayəndələri iştirak edib. Tədbir zamanı çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycanlılar üçün əziz olan və bütün həmvətənlilərimiz üçün birlik rəmzinə çevrilmiş bu günün məhz Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev tərəfindən elan edildiyindən sonra hər il dünyanın müxtəlif ölkələrində qeyd olunduğu deyib.

Nümayəndəmiz ölkəmiz haqqında, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda, erməni lobbisinin yalanlarını ifşa etməkdə Azərbaycanın xaricdəki diasporunun üzərinə düşən mühüm roldan danışdı. O həmçinin, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində Vətənimizin gündən günə bütün sahələrdə inamla inkişaf etməsi, beynəlxalq arenada nüfuzunun artdığının xaricdə yaşayan həmvətənlərimiz üçün qürur mənbəyi olduğunu dedi.

Bundan sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, “Əməkdar elm xadimi”, professor Natiq Atakişiyev çıxış edərək son illər dünyada Azərbaycan diasporlarının tədricən daha da fəallaşdığını qeyd edərək, bunun ilk növbədə bu sahəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirib. Eyni zamanda o, Latın Amerikası regionunda həmvətənlərimizin çoxsaylı olmadığına baxmayaraq buradakı diasporanın fəallaşma imkanlarına toxundu.

Sonda çıxış edən Türkiyə Səfirliyinin müşavir-elçisi Fikrət Türkeş Azərbaycanlıları bu möhtəşəm gün münasibətilə təbrik edərək iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyəti və əməkdaşlıq imkanlarının vacibliyindən danışdı.

Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti