DGK-da KİV rəhbərləri ilə görüş keçirilib - FOTO

DGK-da KİV rəhbərləri ilə görüş keçirilib -    FOTO
  27 Dekabr 2018    Oxunub:2038
Dövlət Gömrük Komitəsində (DGK) “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.
DGK-dən Azvision.az -a verilən məlumata görə, görüşdə Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev qonaqları salamlayaraq bildirib ki, 19-cu əsrin ikinci yarısında yaranan milli mətbuatımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynayıb, istər 20-ci əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirib.



Komitə sədri vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim media qurumlarının, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb, milli mətbuatımızın inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, onların ən yaxın dostu olublar.

Bu gün medianın cəmiyyətdəki roluna toxunan S.Mehdiyev qeyd edib ki, istisnalar xaricində, Azərbaycan mətbuatı bu istiqamətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülən işlərə töhfəsini verir.



Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin media ilə münasibətlərindən nümunə götürərək DGK-nin də daim milli mətbuata qarşı həssas yanaşmağa, medi ilə səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərdiyini vurğulayan Komitə sədri, bu baxımdan, dördüncü hakimiyyət sayılan medianın da ölkəmizin gömrük orqanlarına qarşı adekvat münasibət göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində uğurla reallaşdırılan innovativ islahatlardan da bəhs edən S.Mehdiyev, bu prosesə media qurumlarının peşəkar və təmənnasız dəstəyinin gömrük-media münasibətlərinin sağlam əməkdaşlıq platformasında formalaşması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına, islahatların daha sürətli və səmərəli şəkildə reallaşmasına şərait yaratdığını bildirib.

Sonra Azərbaycan Gömrük Xidmətinin gələcək hədəflərindən danışan Komitə sədri, gömrük-media münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.



Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər, media qurumları arasındakı görüşlərin mütəmadi xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib. Gömrük orqanlarının jurnalistlər üçün təşkil etdiyi təlim və seminarların əhəmiyyətindən bəhs edən Əflatun Amaşov bu tədbirlərin qarşılıqlı münasibətlərin sağlam zəmində qurulmasına şərait yaratdığını vurğulayıb və gömrük orqanlarında həyata keçirilən islahatların iqtisadiyyatın inkişafında, xarici ticarət dövriyyəsinin artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli gömrük-media münasibətlərindən məmnunluqla bəhs edib və bu münasibətlərin səmərəli və işgüzar əməkdaşlıq zəminində formalaşmasında gömrük orqanlarının xüsusi rol oynadığını diqqətə çatdırıb.



“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə çıxışında gömrük orqanlarının səmərəli fəaliyyətindən bəhs edib və bunun gömrük-media münasibətlərində də öz əksini tapdığını bildirib.

Daha sonra digər görüş iştirakçıları da gömrük orqanları ilə media arasındakı münasibətlərdən və bu münasibətlərin ümumi işə faydasından bəhs ediblər.

Görüşdə DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib. Eyni zamanda, media nümayəndələrinə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) fəaliyyəti barədə məlumat verilib.

Sonda media qurumlarının rəhbərlərinin sualları cavablandırılıb.

Azvision.az


Teqlər: DGK   Media  





Xəbər lenti