Dağlıq Qarabağ: 2018-ci ilin yekunları

 Dağlıq Qarabağ: 2018-ci ilin yekunları
  27 Dekabr 2018    Oxunub:2779
2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı. Birincisi, Ermənistanda 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı.
Azvision.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı “Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” adlı hesabat da bildirilir.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ATƏT-də sədrlik edən İtaliya münaqişənin həlli istiqamətində fəallıq nümayiş etdirməyib: “ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı”.

Hesabatda xatırladılır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söyləyib: “Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi. İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi. Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: “Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”. Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı”.

Hesabatın yekununda vurğulanır ki, 2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.

Hesabatın tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Hesabat  





Xəbər lenti