AQTA-dan “donuz qripi” təhlükəsi haqda açıqlama

  25 Dekabr 2018    Oxunub : 1065
 AQTA-dan “donuz qripi” təhlükəsi haqda açıqlama
Gürcüstanda “donuz qripi” virusu yenidən yayılmağa başlayıb. Rəsmi məlumata əsasən, iki nəfər bu virusdan ölüb. Qonşu ölkədə ölümcül H1N1 virusunun aşkar edilməsi Azərbaycanı narahat etməyə bilməz. Gürcüstanın azərbaycanlıların mütəmadi olaraq səfər etdiyi ölkələrdən biri olduğunu nəzərə alsaq, deyə bilərik ki, təhlükə bizdən o qədər də uzaqda deyil.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, H1N1 virusunun (donuz qripi) qonşu ölkələrdə yayılması barədə BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı müvafiq qaydada məlumat yaymayıb.

“Eyni zamanda, Gürcüstan ilə sıx əməkdaşlığımız var və bu ölkədən xəstəlik barədə hər hansı məlumat daxil olmayıb. H1N1 virusunun yayılması təhlükəsi ilə bağlı məlumat daxil olarsa, Agentlik tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun addımlar atılacaq”, - deyə qurumun rəsmi məlumatında qeyd olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA   donuzqripi