Prezident Polis Akademiyasının yeni tədris binasının açılışında
-Yenilənib (FOTOLAR)

 Prezident Polis Akademiyasının yeni tədris binasının açılışında 
 -Yenilənib (FOTOLAR)
  25 Dekabr 2018    Oxunub:12164
Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.



Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoydu. Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədris binasında yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.



Bildirildi ki, yeni tədris binasının inşası 2016-2018-ci illərdə aparılıb. Altımərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa olunub. Yeddi min kvadratmetrə yaxın sahəsi olan binada təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada 138 nəfərlik oxu zalı və elektron kitabxana müdavimlərin ixtiyarına veriləcək. Bina liftlər, havalandırma, videomüşahidə, səs-anons sistemləri, eləcə də elektron lövhələr və tədris prosesi üçün zəruri olan digər ləvazimatla təchiz edilib. Burada müasir akustik sistemin qurulduğu 252 nəfərlik iclas zalı yaradılıb. Zalda akademiyanın həyatında baş verən əlamətdar hadisələri qeyd etmək üçün hər cür şərait mövcuddur.



Yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalı var. Burada elektron jurnal tətbiq edilir. Bütün kursantlar bu elektron jurnalda qeydiyyatdadır və onlar haqqında məlumat xidməti vəsiqələrin vasitəsilə burada əks olunur. Bütün tədris proqramının daxil olduğu jurnalda kursantlar imtahan vaxtları və digər mövzularla bağlı məlumat ala bilirlər. Eyni zamanda, müəllimlər kursantların dərsə davamiyyətinə bu jurnal vasitəsilə nəzarət edirlər. Elektron jurnal həm də ümumilikdə auditoriyaya nəzarət etməyə imkan verir.



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 1992-ci ildə yaradılıb və nazirliyin birbaşa tabeliyində olan dövlət ali təhsil-elm müəssisəsidir. Bu tədris müəssisəsi 1921-ci ildən milis nəfəri və komandir kadrları, 1957-ci ildən isə orta təhsilli hüquqşünas hazırlayan milis məktəbi kimi fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Maddi-texniki bazası nəzərə alınaraq, 1995-ci ildə Akademiyaya Nazirlər Kabinetinin qərarı ilə birinci kateqoriyalı ali təhsil müəssisəsi dərəcəsi verilib.



Yeni tədris binasındakı kriminalistik təlim şəhərciyindəki müasir şərait müəllimlərə maddi sübutun götürülməsi, ayaq, əl və digər izlər barədə məlumatların toplanması, polis əməkdaşının davranış qaydaları, əməliyyat və xidmət zamanı digər zəruri hərəkətlər haqqında kursantlara əyani surətdə məlumat vermək imkanı yaradır. Buradakı şərait maksimal dərəcədə real vəziyyətə uyğunlaşdırılıb. Şəhərcikdə təlimlərin keçirilməsi üçün şərti olaraq mənzil, ofis, mağaza, bank, küçə və kafe yaradılıb.



Bu gün ölkədə qanunun aliliyinin təmin olunması, asayişin mühafizəsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının inşa olunması da bu sahədə görülən işlərdəndir. Bütün bunlarla yanaşı, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması, onların sosial məsələlərinin həlli də dövlətimizin daim diqqət mərkəzindədir.



Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxdı. Məlumat verildi ki, Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.



Qeyd edək ki, yeni tədris korpusunun inşası zamanı ərazidə təntənəli mərasimlər üçün 140 nəfərlik tribuna yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görülüb. Burada görülən işlər bir daha sübut edir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində son illərdə mühüm islahatlar aparılır və bu sahədə iş davamlı xarakter alıb.












Azvision.az



Teqlər: DİN   İlham-Əliyev   Polis  





Xəbər lenti