Şuşa Teatrının binası istifadəyə verildi - FOTOLAR

Şuşa Teatrının binası istifadəyə verildi -  FOTOLAR
  25 Dekabr 2018    Oxunub:2784
Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi 6) binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tikinti və yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib.



Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq Şuşa Dövlət Musiqili Dram Teatrına verilib: “Şuşa teatrının açılışı ölkə başçısının doğum gününə böyük bir hədiyyədir. Çünki görülən bütün işlər Prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə həyata keçirilib. Fürsətdən istifadə edərək doğum gününü münasibətilə dövlət başçımıza bütün mədəniyyət ictimaiyyəti adından təbriklərimi çatdırır, cansağlığı və uğurlar arzulayıram”.



Ə.Qarayev vurğulayıb ki, bu mədəniyyət ocağı xalqımızın yaralı yeri olan Şuşanın adı ilə bağlıdır. Binanın girişində də teatrın burada müvəqqəti olaraq yerləşdirildiyi qeyd olunub: “Bu heç də təsadüfi deyil. Biz Ali Baş Komandanın rəhbərliyi ilə öz doğma torpaqlarımızı azad edəndən sonra Şuşa teatrı da əvvəlki məkanında fəaliyyət göstərəcək. İnanıram ki, o gün uzaqda deyil”.

Nazir bildirdi ki, yüksək səviyyədə həyata keçirilən tikindi işləri nəticəsində 80 nəfərdən çox insanın çalışdığı Şuşa teatrı öz qapılarını teatrsevərlərin üzünə açır. Teatrın yaradıcılıq potensialı böyükdür. Bütün çətinliklərə baxmayaraq, teatr bu illər ərzində öz fəaliyyətini davam etdirməyə, yeni-yeni tamaşalar hazırlamağa müvəffəq olub.



Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanda bütün teatr binaları təmir olunur, yeni avadanlıqla təchiz edilir. Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yerləşdiyi binanın da təmirinə başlanılacaq: “Prezident İlham Əliyevin tapşırığına əsasən, artıq layihələndirmə işləri görülüb. İqtisadiyyat və Maliyyə nazirlikləri lazımi sənədləri hazırlayıb. Binada təmir işləri işləri yəqin ki, gələn ilin sonunadək yekunlaşacaq”.

Nazir sonda bir daha teatrın kollektivini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.



Tədbirdə çıxış edən Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov teatrın binasının təmir və yenidən qurulmasını yüksək qiymətləndirdilər. Vurğulayıblar ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilən bu cür layihələr xalqımızın mədəniyyətinin inkişafına öz müsbət təsirini göstərir.



Qeyd edək ki, teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Burada vestibül, inzibati otaqlar, qrim otaqları, mətbəx və digər texniki xidmət otaqları, həmçinin 110 nəfərlik tamaşaçı zalı yaradılıb. İkinci mərtəbədə professional səs, işıq operatorları və kinoproyeksiya otaqları yerləşdirilib. Səhnə yenidən qurulub və müasir mexaniki avadanlıqlar quraşdırılıb. Video-müşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri yaradılıb və ərazidə 200 kub.m. tutumu olan yanğın və içməli su anbarı tikilib.

Bina yeni telekommunikasiya sistemləri ilə təmin edilib. Binanın ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb.

Azvision.az


Teqlər: Şuşa   Teatr  





Xəbər lenti