Prezidentin xarakterini açan əsas hadisələrdən biri

     Prezidentin xarakterini açan əsas hadisələrdən biri
  24 Dekabr 2018    Oxunub:19225
Bu ilin aprelində İlham Əliyevin prezident seçiləndən SONRA imzaladığı İLK fərman şəhid ailələrinə müavinətlərin verilməsi haqqında oldu. İLK fərman olması onu göstərirdi ki, bu, prezident üçün çox vacib, prioritet məsələdir və dövlət başçısı onu imzalamaq üçün məqamın yetişməsini səbirsizliklə gözləyib. Amma nəyi və niyə gözləyib axı? Niyə həmin fərmanı yanvarda, fevralda, martda imzalamayıb?
Bu sualın cavabında İlham Əliyevin bütün xarakteri gizlənib. Çünki şəhid ailələrinə müavinətlərin verilməsi haqqında fərman seçkidən qabaq imzalansaydı, belə çıxardı ki, bu, Prezidentin alacağı səslərin miqdarını artırmaq üçün atdığı bir addımdır. O zaman "şəhidlik" və "şəhid ailəsi" kimi uca, ülvi anlayışlar PR elementinə, təşviqat vasitəsinə çevrilərdi. İlham Əliyev məhz bunu etmədi, etməzdi də. Belə olmaması üçün seçkinin bitməsini gözlədi, prezident seçiləndən sonra imzaladığı ilk fərman isə şəhid ailələrinə yardım haqqında oldu. Bu, İlham Əliyevi tanımaq üçün ən böyük hadisələrdən biri idi.

Halbuki bu gün dünyada nə qədər siyasi lider, dövlət və ya hökumət başçısı varsa, hamısı tam tərsinə edərdi. Hamısı - istisnasız olaraq hamısı!, - şəhid ailələrinə qayğısını göstərmək üçün mütləq seçkidən əvvəl o fərmanı imzalayardılar. Və buna görə kimisə qınamaq da alınmır – hər yerdə siyasətçilər ilk növbədə kütlənin nəzərindəki reytinqlərini qaldırmaq üçün çalışırlar. Ona görə hamısının əsas silahı populizmdir. Və o səbəbdən də həmin silahla fəth etdikləri mövqeləri seçkidən bir il sonra ən azı yarıbayarı itirirlər. Necə ki, məsələn, seçkidən qabaq Makronun reytinqi 55%-dən aşağı enmirdi, Fransa jurnalistləri onu Yupiterə bənzədirdilər, bu gün isə həmin reytinq 25%-dən yuxarı qalxmır. Trampın seçki ərəfəsində 50%-in üstündə olan reytinqi bir il sonra 30%-in altındadır. İtaliya, Britaniya, İspaniya... hamısında eyni vəziyyət. Çünki hamısında populizmə aldanan kütlə və həmin silahdan ustalıqla istifadə edən siyasi liderlər var.

Amma Azərbaycanda biz tamam başqa metodları və xarakteri olan bir Lider görürük. Heç vaxt populistlik etməyən, siyasi məqsədləri üçün kütlənin hisslərini coşdurmağa çalışmayan, hər zaman təmkinli davranan, yalnız ölçülüb-biçilmiş qərarlar verən intellektual bir liderlik dəsti-xətti var İlham Əliyevin. O, bütün intellektual liderlər kimi insanların hisslərinə yox, ağlına müraciət edir. Məhz bu səbəbdən biz heç zaman onun çıxış edərkən səsini qaldırmasını görmürük. Cənab Əliyev ötkəmlik dolu təmkinlə ancaq faktlara və məntiqə əsaslanan çıxışlar edir. Bu, özünə, metodlarına və gücünə əmin olan Liderin üslubudur.

Bir çox populist liderlərdən fərqli olaraq, İlham Əliyev insanları qeyri-müəyyən, mücərrəd gələcəyə səsləmir. Onun üçün Gələcək - zaman deyil, konkret yoldur, bilinən məkandır, dəqiq hədəfdir. Ora çadəcə, çatmaq qalır. İlham Əliyev heç zaman əlində gələcəyin xəritəsi olmadan “biz ora çatacağıq” demir.

Azərbaycanın son 15 illik tarixini analiz edin və özünüz görəcəksiniz ki, nə daxili, nə də xüsusilə xarici siyasətdə bir dənə də olsun, səhvə yol verilməyib. Hər addım yerində və qədərində atılıb. Bircə dənə də elə bir fakt tapa bilməzsiniz ki, “Bax, o məqam üçün bu qərar səhv idi” deyə biləsiniz. Halbuki, istənilən qonşu dövlətə tərəf boylanın, hər bir addımlarında nə qədər səhvlər görəcəksiniz. İntellektual liderlik, bax, budur. Populist lider heç kimin qarşısında məsuliyyət hiss etmir, emosional lider kütlənin təsirilə yanlış addımlara yol verir, rasional-praqmatik lider isə ancaq dövlətin gələcək taleyinə görə məsuliyyət daşıdığını anlayır və addımlarını ona uyğun hesablayır. İlham Əliyev üçüncü tipə aiddir.

Bu gün Azərbaycan özünün yolunu, öz modelini formalaşdırmaqda olan dövlətdir. Bir tərəfdə Qərbin insanı dövlətdən üstün tutan liberal demokratiyası, o biri tərəfdə Şərqin “dövlət hər şeydir, insan heçdir” fəlsəfəsinə dayanan siyasi konsepsiyası var. İkisi də işləkdir, ikisi də böyük nəticə verib. Birincinin effektiv olduğunu ABŞ-ın, ikincinin effektini isə Çinin dünyadakı yeri təsdiqləyir. Amma Azərbaycan bu iki konsepsiyanın arasında dövlət-vətəndaş tarazlığının məhz özü üçün ideal olan modelini qurmaq istiqamətində gedir. Bu yolu sona qədər düzgün getmək çox vacibdir, hətta deyə bilərik ki, hazırda bizim xalq olaraq, tarixi missiyamızdır. Xoşbəxtlikdən, ölkəmizi özü üçün ən münasib olan modeli tapmaq istiqamətində aparan lider dünyada bu işi görə bilcək bəlkə də ən doğru insandır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: İlham-Əliyev   Prezidentin-ad-günü  





Xəbər lenti