Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  24 Dekabr 2018    Oxunub:2159
Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdırali Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. İcazə verin Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Sizin yorulmaz fəaliyyətiniz sayəsində qardaş Azərbaycan bütün sahələrdə, dövlət quruculuğu istiqamətində və beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvünə çevrilib.

Azərbaycanın Sizin rəhbərliyinizlə dünya miqyasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, multikulturalizm ənənələrinin inkişafına, sülh və tolerantlığın təmin olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Eyni zamanda GUAM-ın Baş katibi Altay Əfəndiyev ölkə başçısını təbrik edib. Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin beynəlxalq heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı naminə uzun illər boyu səmərəli fəaliyyət arzu edirəm!

Azərbaycan uzun illərdir ki, Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə parlaq nailiyyətlər nümayiş etdirir.

Sizin yürütdüyünüz ardıcıl, uzaqgörən daxili və xarici siyasət milli mənafelərin irəli çəkilməsi və ölkənin beynəlxalq iqtisadiyyata inteqrasiyası üzrə bir sıra mühüm strateji layihələrin uğurla həyata keçirilməsinə təminat verib. Bu siyasət həm də strateji əhəmiyyətli Qara dəniz-Xəzər dənizi məkanında Azərbaycanın mövqelərinin və geosiyasi rolunun möhkəmlənməsini təmin edib, bu regionun dünyada baş verən proseslərə daha sıx inteqrasiyasına kömək edib.

İnstitusional, iqtisadi və sosial sahələrdə islahatlar proqramının uğurla reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə, cəmiyyətin daha da demokratikləşməsinə şərait yaradıb. Bütün bunlar Azərbaycan vətəndaşlarının keyfiyyətli həyat səviyyəsinin durmadan yüksəlməsində öz əksini tapıb.

Azərbaycanın beynəlxalq nüfuzu da artır. Azərbaycanın fəal, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin iqtisadi və müdafiə qüdrətini durmadan artıraraq regionda və onun hüdudlarından kənarda sabitliyin qarantına çevrilib, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün ilkin şərait yaradır.

Beynəlxalq ictimaiyyət mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın, multikulturalizmin və tolerantlığın təbliğinin inkişafı üçün Sizin yorulmadan göstərdiyiniz səyləri və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir.

Zati-aliləri, biz Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın əsasını qoymuş dövlətlərdən biri kimi Azərbaycanın bizim strateji tərəfdaşlar olan dost ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə və dərinləşməsinə töhfəsini yüksək qiymətləndiririk. GUAM-ın coğrafiyası üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli maraqlarının inkişafı və müdafiəsi üçün ən mühüm məkanlardan biridir. Əminik ki, GUAM çərçivəsində əməkdaşlıq potensialının reallaşdırılması strateji əhəmiyyətli bu coğrafiyanın sülh, sabitlik, təhlükəsizlik və firavanlıq məkanına çevrilməsinə, ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edib bu bayramqabağı günlərdə Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkənin daha da firavanlaşması naminə planlarınızın həyata keçirilməsində uğurlar diləyim. Qəti əmin olduğumu bildirirəm ki, qarşıdan gələn yeni il Azərbaycan xalqının yeni uğurları və qələbələri ilə əlamətdar olacaq".

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurin də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib: "Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından təbriklərimi çatdırıram.

Doğum günləri həyat yoluna nəzər salmaq üçün gözəl imkanlar yaradır. Qeyd etməliyəm ki, Sizin həyatınız xalqınıza xidmətə həsr olunub.

Ölkəniz və xalqınız üçün davam edən xidmətlərə həsr olunacaq yeni bir ilə başladığınız ərəfədə fürsətdən istifadə edərək bildirirəm ki, GECF ilə Azərbaycan Respublikası arasında xüsusi əməkdaşlıq mövcuddur. Azərbaycan qaz sənayesində böyük işlər görüb. “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarının və “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı buna misal göstərilə bilər. Bu ilin may ayında keçirilən və həmin üstünlükləri ətraflı şəkildə nümayiş etdirən 25-ci Xəzər Neft-Qaz Sərgisi və Konfransında iştirakdan çox məmnun oldum.

Cari ildə mənim Sizin tərəfinizdən qəbul edilmək şərəfinə nail olmağım GECF ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verdi və gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, GECF-in 10 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın fəaliyyətimizə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirirəm. Qoy gələcək illər dostluğumuzun və uğurlu əməkdaşlığımızın yeni dövrü olsun!

Sizə, ailənizə, Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili də prezident İlham Əliyevə məktub göndərib: " Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Biz - Sizin dostlarınız fəxr edirik ki, Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən səmərəli quruculuq işinin nəticələrini qərəzli olmayan hər bir insan əyani şəkildə görür, Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada beynəlxalq nüfuzu durmadan artır.

Əziz İlham Heydər oğlu, biz bir daha Sizi əmin etmək istəyirik ki, bizə verdiyiniz hər bir tapşırığı yerinə yetirməyə hazırıq. Hörmətlə və sədaqətlə"

Eyni zamanda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi, Yuri Osipovdan
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov da prezident İlham Əliyevi təbrik edib: "Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti