Azərbaycan sərhədini pozan əcnəbilər saxlanıldı - FOTO

 Azərbaycan sərhədini pozan əcnəbilər saxlanıldı -  FOTO
  24 Dekabr 2018    Oxunub:2697
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.
DSX-dən Azvision.az -a verilən məlumata görə, dekabr ayının 20-də Yardımlı rayonu Deman kəndi ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaqmalçılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb.



Dekabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.



Dekabr ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar.



Araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti