“Prezident Kuboku” turniri başa çatıb

  24 Dekabr 2018    Oxunub : 873
“Prezident Kuboku” turniri başa çatıb
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şərəfinə təşkil olunmuş Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin final oyunu baş tutub.
Artıq yeddinci ildir ki, Çövkən milli oyunu üzrə “Prezident Kuboku” uğrunda turnir keçirilir.

Mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində ölkəmiz Qarabağ atüstü oyunu - Çövkənin beynəlxalq miqyasda tanınmasına, bu irsin qorunub saxlanılmasına, inkişafına dəstək verilməsi məqsədilə UNESCO səviyyəsində səmərəli iş apararaq qürur doğuran nəticəyə nail olmuşdur. Bir neçə il davam edən çalışmaların, gərgin fəaliyyətin yekunu olaraq 3 dekabr 2013-cü il tarixdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atüstü oyun ənənəsi - Çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu il “Prezident Kuboku” turnirinə dekabr ayının 11-də start verilib. Finalda 22 dekabrda keçirilmiş yarımfinal oyununun nəticələrinə əsasən “Buta Golden” və “Polad” komandaları üçüncülük, “Sərhədçi” və “Omar” komandaları isə kubok uğrunda mübarizə aparıblar.

Günün ilk oyununda “Buta Golden” komandası “Polad” komandası ilə üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə “Polad” komandasının xeyrinə 5:1 hesabı ilə başa çatıb və “Polad” komandası Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin üçüncüsü olaraq bürünc medal qazanıb.

Final görüşündə 2017-ci ilin ən güclü çövkən yığması kimi “Prezident Kuboku”nun qalibi adını daşıyan “Sərhədçi” komandası “Omar” komandasını qəbul edib. “Sərhədçi” komandası yenə də öz üstünlüyünü qoruyaraq rəqib komandanı 1:0 hesabı ilə məğlub etmişdir. Beləliklə, Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin qalibi “Sərhədçi” komandası olmuşdur.

Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Azvision.az

Teqlər: Turnir