Palma yağı ziyanlıdır? - AQTA açıqladı

  Palma yağı ziyanlıdır?  - AQTA açıqladı
  21 Dekabr 2018    Oxunub:4041
Bu gün istehsal olunan əksər qida məhsullarında palma yağlarından istifadə olunur. Bir sıra mütəxəssislər, o cümlədən sağlam qidalanma ekspertləri, dietoloqlar palma yağlarının insan orqanizmi üçün zərərli olduğunu söyləsə də, bəziləri bunu inkar edir. Hətta palma yağının xərçəng xəstəliyinə səbəb olduğu deyilir. Buna baxmayaraq, palma yağlarının mənfi təsirləri ilə bağlı artıq insanlarda fikir formalaşıb və bu yağ olmayan qidalarla üstünlük verməyə çalışırlar.
Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib.

Məlumatda qeyd edilib ki, bu yalnız labarator müayinələrdən sonra bilinir: "Palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Emal olunmuş yağ texniki məqsədlər və məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir. Əgər texniki məqsədlər üçün olan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir. Məişət üçün istifadə olunan palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur".

Bildirilib ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur: “Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Palma-Yağı  





Xəbər lenti