"Azərbaycanda layiqli gənclər yetişir" - Əli Əhmədov

"Azərbaycanda layiqli gənclər yetişir" -  Əli Əhmədov
  21 Dekabr 2018    Oxunub:2395
Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir. Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Tələbələrinin II qurultayındakı çıxışı zamanı deyib.
Ə.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan dayanır: "Siyasətin mərkəzində insanın qoyulması bugünki Azərbaycan reallığının ən mühüm amillərindən biridir. Biz nə ediriksə, onları insanlar üçün, onun həyatı, mənəviyyatı, inkişafı üçün edirik".

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub: "Bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclərin ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir".

Ə.Əhmədov bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir: "Bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır. Gənclərin daha yaxşı təhsil alması, Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurması üçün ən.mühüm amillərindəndir. Azərbaycan hökuməti bütün potensialını ona yönəldib ki, siz daha yaxşı təhsil ala biləsiniz. Bizim üçün əsas prioritet odur ki, gənclər sağlam olsun. Ikinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".

Baş nazirin müavini deyib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Bizim həyata keçirdiyimiz prioritetlərdən biri odur ki, müasir və fəal olasınız. Azərbaycanın dünyada təbliğ olunması, Azərbaycana qarşı çirkli təbliğata qarşı olasınız, mübariz olasınız. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha da güclü olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Qurultay   Əli-Əhmədov  





Xəbər lenti