Azərbaycana dini müstəvidə təsir göstərmək istəyirlər

  20 Dekabr 2018    Oxunub : 1767
Azərbaycana dini müstəvidə təsir göstərmək istəyirlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bərdə rayonunda “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, seminar-müşavirədə Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, eyni zamanda, bu qurumların Bərdə, Ağcabədi, Laçın, Ağdam, TərtərZərdab rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, ətraf rayonların icra hakimiyyətləri başçılarının müavinləri,ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Bərdə Rayon İcra Hakimiyyətində keçirilən tədbir DQİDK-nın sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev ölkəmizdəki nümunəvi dövlət-din modeli barədə danışıb. Rayondakı dini durum barədə məlumat verən V.Qarayev Azərbaycanda, o cümlədən Bərdədə milli mənsubiyyətdən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, maarifləndirici xarakter daşıyan seminar-müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsidir.

Komitə sədrinin müavini “Şəhadət” filminin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz, həmçinin radikal qruplaşmaların, qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışıb. Bildirib ki, ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı qeyd olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.

Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan S.Heydərov qeyd edib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.

Səyavuş Heydərov bildirib ki, ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən Azərbaycana təkcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilməsinə, yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur. "Biz islami dəyərlərin Azərbaycanda inkişaf etməsini, İslam dininin mənəviyyat amili kimi həyatımızda olmasını istəyirik. Xalqımız İslam dinindən siyasi məqsədlər üçün istifadəyə, xurafata meyilliliyə, dini radikalizmə bundan sonra da imkan verməyəcək. Ölkə vətəndaşlarını, xüsusən də gəncləri yad təsirlərdən qorumaq üçün hər birimiz çalışmalıyıq. Bu işdə, o cümlədən əsl İslamın insanlara olduğu kimi çatdırılmasında din xadimlərinin üzərinə böyük missiya düşür", - deyə komitə sədrinin müavini diqqətə çatdırıb.

Tədbirdə Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edib, təmsil etdikləri qurumların dini radikalizm və dini ekstremizmlə mübarizə istiqamətində həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən söz açıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin rəisi Məzahir Xəlilov isə çıxışında gənclərimizin radikal təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayaraq, radikal və ekstremist qruplarla mübarizədə dövlət orqanlarının birgə əməkdaşlığının zəruriliyini qeyd edib.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Ramazan Hüseynov bildirib ki, ölkəmizdə dindarlara daim diqqət və qayğı göstərilir, yeni məscidlər tikilir və təmir edilir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri bu gün ölkəmizin inkişafına böyük töhfə verir və dindarlar daim dövlətin yanındadır.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov iştirak edib.

Azvision.az

Teqlər: DİN   İslam   Tolerantlıq