Məmmədyarov BMT nümayəndəsi ilə görüşüb

Məmmədyarov BMT nümayəndəsi ilə görüşüb
  20 Dekabr 2018    Oxunub:1572
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, diplomat BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu xüsusda üç istiqamətdə - katiblik, sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların həyata keçirildiyini qeyd edib.

Q.İsakzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər inkişaf sisteminin islahatlarının ilk növbədə effektivliyin artırılmasına yönəldiyini söyləyib və islahatlar prosesinin dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını vurğulayıb.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi aparıblar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu deyən Elmar Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti