AQTA jurnalistlər üçün təlimləri davam etdirir

AQTA jurnalistlər üçün təlimləri davam etdirir
  19 Dekabr 2018    Oxunub:2679
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən jurnalistlər üçün keçirilən “Qida təhlükəsizliyi üzrə media təlim” davam edir.
Azvision.az xəbər verir ki, təlimlərin ikinci günündə media nümayəndələrinə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prosesi və sahibkarlarla əməkdaşlıq barədə geniş məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestri aparılır. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etsinlər.

Təlimlərdədə Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxsləri və müvafiq sahələr üzrə mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Eyni zamanda, iştirakçılara qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə də ətraflı məlumatlar təqdim edilib. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, 3 günlük təlimlərin məqsədi media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti