Polad Bülbüloğlu yenidən sədr seçildi

   Polad Bülbüloğlu yenidən sədr seçildi
  19 Dekabr 2018    Oxunub:1898
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbəti dəfə yekdilliklə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri seçilib.
Dekabrın 18-də Moskvada MDB DHƏF İdarə Heyətinin, MDB Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının birgə iclası keçirilib. İclasda DHƏF İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar Əməkdaşlıq Şurasının sədri, Tacikistan Prezidentinin köməkçisi Əbducabor Rahmonzoda və MDB-nin rəhbər humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

İclasda 2019-cu ildə DHƏF-in dəstəyi ilə həyata keçiriləcək dövlətlərarası layihələrin siyahısı təsdiq olunub. Plana Fondun ənənəvi aksiyaları (Yaradıcı və Elmi Ziyalıların Forumu, “Birliyin Ulduzları” və “Debütlər birliyi” mükafatları, “Minsk təşəbbüsü” kompleks layihəsi və s.) ilə yanaşı, DHƏF-in dəstəyi ilə ilk dəfə keçiriləcək tədbirlər də daxil edilib. Onların arasında Dünya Xalqlarının Eposu Beynəlxalq Festivalı, A.A.Qromıko adına Beynəlxalq Münasibətlər üzrə Gənc Mütəxəssislərin Müsabiqəsi, Gənc Kimyaçılar Məktəbi, “Qayaüstü mədəniyyət: mif, rəsm, dünya” elmi seminarı kimi layihələr var.

2020-ci ildə qeyd olunacaq faşizm üzərində Qələbənin yubileyi ərəfəsində hazırlıq işlərinə də böyük diqqət yetirilməsi nəzərdə tutulur. 2019-cu ilin planına Birlik ölkələrinin nümayəndələrini bir araya gətirəcək 80-dən çox aksiya daxil edilib.

İclasda qəbul olunmuş daha bir mühüm qərar DHƏF İdarə Heyəti sədrinin seçilməsi olub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu növbəti dəfə yekdilliklə bu vəzifəyə seçilib. Onu təbrik edən M.Şvıdkoy vurğulayıb: “Sabitlik inkişafa əngəl deyil”. (AzərTAc)

Azvision.az


Teqlər: Polad-Bülbüloğlu  





Xəbər lenti