Əlahiddə Ümumqoşun Ordunun yaranma günüdür

 Əlahiddə Ümumqoşun Ordunun yaranma günüdür
  18 Dekabr 2018    Oxunub:5613
Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaranmasından 5 il ötür.
Azvision.az xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və general-leytenant Kərəm Mustafayev komandan təyin olunub.



Ötən il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında hərbi parad keçirilib. Paraddan öncə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev paradda çıxışında deyib ki, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirib.



Azvision.az


Teqlər: Naxçıvan   Ordu  





Xəbər lenti