AZ 7,62 və EM-14 avtomatlarının seriyalı istehsalına başlanılır

AZ 7,62 və EM-14 avtomatlarının seriyalı istehsalına başlanılır
  17 Dekabr 2018    Oxunub:2159
Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağının təminatını verir.
Azvision.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, nazirliyin müəssisələrində yaradılmış AZ 7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaqdır.

"Eləcə də növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin, 2A-42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur. Bütün bu görülmüş işlər onu deməyə əsas verir ki, Azərbaycanın artıq güclü hərbi sənayesi formalaşıb və respublikamızın Silahl Qüvvələrini müasir silah və texnikalarla təmin etmək iqtidarındadır".

Nazir müavini bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə ən yüksək qiymət hər zaman ölkəmizin rəhbəri tərəfindən verilib: "Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi "Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq” sözləri Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi.

Azərbaycan Silahlı Qüvvələrinin gücünün göstəricisi olan hərbi paradda nümayiş etdirilən müasir silah və texnikalar, eyni zamanda ordumuzun hazırlıq səviyyəsi düşmən tapdağındakı doğma torpaqlarımızın azad ediləcəyi günün heç də uzaqda olmadığını bir daha təsdiqlədi. Xalqımız artıq əmindir ki, qəhrəman oğul və qızlarının qanı hesabına azadlıq əldə etmiş doğma vətəninin müstəqilliyini qoruyacaq və ərazi bütövlüyünü təmin edəcək ən müasir silahlarla təmin olunmuş güclü ordusu var".

Azvision.az


Teqlər: Yəhya-Musayev   Müdafiə-sənayesi  





Xəbər lenti