Baş nazir Tahir Salahovun sərgisi ilə tanış oldu - FOTO

  15 Dekabr 2018    Oxunub : 1763
 Baş nazir Tahir Salahovun sərgisi ilə tanış oldu - FOTO
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 15-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədova sərgi barədə məlumat verildi.

Bildirildi ki, sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, həmçinin 350-dək fotoşəkil nümayiş olunur. Ekspozisiyanın sahəsi dörd min kvadratmetrdir. Burada rəssamın yaradıcılığının bütün dövrlərinə aid əsərləri yer alıb.



Ümummilli lider Heydər Əliyevin Tahir Salahovla dostluq münasibətləri olub. Tahir Salahovun çoxşaxəli yaradıcılığı, məhsuldar ictimai fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülüb. Dünya şöhrətli rəssam 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.



Böyük sənətkar və tanınmış ictimai xadim olan Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi kimi uzunmüddətli, səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. O, eyni zamanda, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünyada geniş şöhrət qazandırıb.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Onun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir.

Azvision.az

Teqlər: