Əbülfəz Qarayev vətəndaşları qəbul edib

  14 Dekabr 2018    Oxunub : 1066
Əbülfəz Qarayev vətəndaşları qəbul edib
Dekabrın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun I Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar isə rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Azvision.az

Teqlər: Nazir   Qəbul