“İllərlə iclas keçirmirlər, niyə vaxtımızı sərf edək?” - Nazir müavini

  “İllərlə iclas keçirmirlər, niyə vaxtımızı sərf edək?” -    Nazir müavini
  14 Dekabr 2018    Oxunub:3286
"Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində bu məkanda və onun hüdudlarından kənarda əlaqələr məsələsinə xüsusi diqqət ayrılıb".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev QDİTƏ-in Bakıda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkşafına dair işlər görülüb:

"Sədrlik çərçivəsində bugünkü görüş daxil olmaqla 4 dəfə nazirlər, 21 tematik və xüsusi işçi iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-də sədrlik Bolqarıstana keçəcək. Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin, Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz çətindir, amma üzərində işlənilsə, etmək olar. Həm QDİƏT və Avropa İttfaqı arasında əlaqələr, işçi qrupları var. Bu baxımdan mümkündür. Bunun üçün təşkilatımız fəal olmalıdır. Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib", - deyə nazir müavini vurğulayıb.

M.Məmmədquliyev vurğulayıb ki, QDİƏT-də islahatlar aparıla bilər: "Ola bilsin ki, təşkilatda islahatlar aparılsın. Bu çərçivədə konkret prioritetlər müəyyənləşməlidir. Hazırda təşkilatın 20- dən çox işçi qrupu var. Amma onların bəziləri var ki, aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək? Bu mənada prioritetlər konkretləşməlidir".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   QDİƏT  





Xəbər lenti