“Gənclər parlamentdə önəmli mövqeyə malikdirlər” - Oqtay Əsədov

  14 Dekabr 2018    Oxunub : 1354
 “Gənclər parlamentdə önəmli mövqeyə malikdirlər” - Oqtay Əsədov
“Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər. İntellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Əminəm ki, məhz yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynamalıdırlar. Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər”.
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsindən birinə çevrilib: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı, gündəlik işlərlə yanaşı beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər”.

Parlament sədri qeyd edib ki, gənclər Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, xüsusilə Ermənistanın Azərbaycan qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizini işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Beynəlxalq təşkilatlar münaqişəylə bağlı bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər.

Spiker bildirib ki, beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı birmənalı şəkildə dəstəklənib. Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da qərar və qətnamələr qəbul ediblər. Əminəm ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Oqtay-Əsədov