Gülər Əhmədovanın məhkəməsində Sevincin oğlu danışdı

Gülər Əhmədovanın məhkəməsində Sevincin oğlu danışdı
  04 Noyabr 2013    Oxunub:1162
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilir.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib.

O bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: “Bir neçə ildən sonra anam dedi ki, Gülər ona zəng edib deyir ki, görüşsünlər. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Bunu hamı bilsə, ona da, Gülərə də pis olacaq”.

A. Məmmədov daha sonra G. Əhmədovanın ona verdiyi suallara cavab olaraq bildirib ki, E. Abdullayevin puluna görə anası ilə G. Əhmədova bir-birlərini telefonda söyüblər: “Anamla Gülər Əhmədova “skyp”la danışanda anam vəzifəli adamların adını çəkirdi. Gülər Əhmədova isə anama deyirdi ki, ad çəkməsin, danışıb, hər şey yaxşı olacaq”.

A. Məmmədov onu da deyib ki, G. Əhmədova ilə anası görüşəndən sonra anası gecə Türkiyəyə gedib: “Sonra mən anamı Türkiyədə ziyarət edim. Orda məni Səlcuq Ağlayanın oğlu qarşıladı. Anam ordan “skayp”la Gülərlər danışırdı. Gülər xanım anama deyirdi ki, səbirli olsun. Anam xəstəydi, yeməyi belə yox idi. Ona bazarlıq etdim. Qayıdanda 500-600 dollar verdim.

Azərbaycana qayıdandan bir müddət sonra prokurorluqdan mənə dedilər ki, anam gəlib, ifadə versin, onu tutmayacaqlar. Mən də Gülər xanıma zəng etdim, soruşdum ki, bu nə məsələdir? Ona anamı Azərbaycana gətirmək istədiyimi bildirdim. O isə dedi ki, anan gələn kimi onu həbs edəcəklər. Soruşdum ki, nə üçün? Cavab verdi ki, bir neçə il əvvəl torpaq söhbəti olub. Sonra da mən yenidən Türkiyəyə getmək istədim. Lakin ölkədən çıxmağıma qadağa qoymuşdular”.

Proses iştirakçılarının suallarını cavablandıran A. Məmmədov bildirib ki, G. Əhmədova anasına Türkiyədə onu maddi cəhətdən təmin edəcəyi barədə söz verib: “Mən Türkiyədə olanda anamın sənədləri özündə idi. Anamdan Bakıya qayıtmasını istədim, lakin o qayıtmadı. Bildiyimə görə, Gülər xanımın əri Fikrət Əhmədov da mən ordan qayıdandan sonra anama pul verib”.

Anasının Səlcuq Ağlayandan qorxub-çəkinməsi barədə suala cavabında o, anasının həmin şəxs tərəfindən təzyiqə məruz qalmadığını deyib.

A. Məmmədov anasının üzərində olan sənəddən istifadə edərək xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyib: “Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orda olanda Səlcuq mənə “Başın sağ olsun, anan rəhmətə getdi” məzmunlu mesaj yazdı. Mən də oradan çıxıb, prokurorluğa getdim. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul Səlcuq Ağlayana çatmalı idi. Lakin Səlcuq qorxduğu üçün pulu götürmədi. Həmin pul anamın yas mərasiminə xərcləndi”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.(apa)


Teqlər:  





Xəbər lenti