Hansı millət vəkilləri işə avtobusla gedib-gəlir? - SORĞU

Hansı millət vəkilləri işə avtobusla gedib-gəlir?  - SORĞU
  04 Noyabr 2013    Oxunub:1256
“Üzeyirin mahnılarına görə, avtobusa minmirəm”

Dünyanın hər bir yerində məşhur insanların, tanınmış şəxslərin özəl həyatları, onları əhatə edən məlumatlar daim cəmiyyətin diqqət mərkəzində olur. O cümlədən də, Azərbaycanda. Məsələn, filan nazir tədbirə kimlə gəldi, filan deputat Milli Məclisdən çıxıb, hansı maşınla getdi? Maşınını özü sürürdü, ya sürücüsü idarə edirdi? Bu kimi suallar sadə vətəndaşların geniş marağına səbəb olur.

Təsadüfən bu tanınmışlardan birinin ictimai nəqliyyatdan istifadə edən görsək, mat-məəttəl qalarıq. Necə ki, bir müddət əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun metrodan istifadə edərkən çəkilən şəkili sosial şəbəkələrdə böyük marağa səbəb oldu.

Maraqlıdır ki, bəs Milli Məclis üzvləri metrodan, ya da ki, avtobusdan sonuncu dəfə nə vaxt istifadə ediblər?

AzVision.az məsələ ilə bağlı millət vəkilləri arasında kiçik sorğu aparıb.

Xanım millət vəkili Flora Qasımova avtobusdan tez-tez istifadə edənlərdəndir:

“8-ci kilometrdə elə yerdə yaşayıram ki, metroya qədər avtobusla getməliyəm. “Neftçilər”ə avtobusla gedirəm. Maşınım var, ancaq avtobusdan və metrodan istifadə edirəm. 232 nömrəli avtobusdan bir narazılığım var ki, dayanacaqda çox dayanır. Avtobusdaa mənə yaxınlaşanlar olmur, çünki məni tanımırlar.

Deputat Zahid Oruc isə 2 il bundan əvvəl metrodan istifadə edib: “2 il əvvəl metroda olmuşam. Amma son zamanlar konkret nömrəli bir marşurutla bir ünvandan başqa ünvana getməmişəm”.

Millət vəkili Aydın Mirzəzadə ictimai nəqliyyatdan tez-tez istifadə etdiyini deyib. Deputat metro ilə müqayisə də daha çox avtobusdan istifadə etdiyini bildirib.

“Dünən 18 nömrəli avtobusla Mərkəzi Univermağın yanından “Elmlər Akademiyası” metrosunun yaxınlığına gəlmişəm. İmkan olduqca, avtobusdan tez-tez istifadə etməyə çalışıram, özümü ictimi nəqliyyatda rahat hiss edirəm”.

Millət vəkilinin metrodan istifadəsinə gəlincə, bildirib ki, metrodan çox istifadə etmir. “Metro kartım var, amma metro istiqamətlərinə az-az gedirəm. Çox da istifadə etmirəm”.

Deputat Yevda Abramov qış fəslində avtomobil idarə etmədə çətinlik çəkdiyindən, əsasən metrodan istfadə edir:

“Qışda, Bakıda maşın sürmək çətin olur. Ona görə də metro ilə gedirəm. Tələbəlik illərində metrodan tez-tez istifadə etmişəm. O illərdən bu günə kimi çox şeylər dəyişilib. Sovet dövründə ağsaqqala, böyüyə hörmət hiss olunurdu. Sonuncu dəfə metroda olanda gördüm ki, qızlar arxasını çevirib, telefonda guya ki, kiminləsə mesajlaşır, hansısa oyun oynayır, cavanlar ətrafa fikir vermir. Bir dəfə metroda bir jurnalist mənə yaxınlaşıb dedi ki, Yevda müəllim, siz də metroya minirsiniz? Dedim ki, məgər mən vətəndaş deyiləm? Daha demədim ki, mən qışda maşın sürə bilmirəm.”

Milli Məclisin digər üzvü İqbal Ağazadə həm metrodan, həm də avtobusdan ara-sıra istifadə edən deputatlardandır. Hətta deputat avtobusda olarkən başına maraqlı bir hadisə də gəlib.

”Bu yaxınlarda Milli Məclisdən çıxdım, gördüm ki, sürücüm yoxdur, avtobusa minib gəldim “İçərişəhər”ə, ordan da metroya minib, “Nərimanov”da düşdüm. Həmin avtobusda təsadüfən, parlament müxbiri Elşad Paşasoy yanımda əyləşdi, mən ona özümü göstərmək istəmədim. Amma Elşad Paşasoy diqqətlə baxdı ki, yanında oturan mənəm”.

Millət vəkili Fazil Mustafa yalnız tıxacla olanda ictimai nəqliyyatdan istifadə edir. Deputat gənc mügənni Üzeyir Mehdizadənin mahnılarına görə, avtosua minmədiyini bildirib.

“Görürəm ki, yolda tıxac var, mərkəzi yerə getmək fəlakətdir. Maşını bir yerdə saxlayıb, metro ilə hərəkət edirəm. Avtobusla getmək zülmdür. Bizim yollarda tıxac çox olur.Bunun qarşısını almaq mümkün deyil. Nə qədər körpü salınır-salınsın, yollar açılır- açılsın, doğru tənzimlənmə olmadığına görə, sürücülər Azərbaycan yollarında əsəbi bir həyat yaşamalı olurlar”.

F. Mustafa son vaxtlar bircə dəfə avtobusa mindiyini və ona da peşman olduğunu deyib:

“Çoxdandır ki, avtobusla hərəkət etmirəm. Açığı, bir dəfə avtobusa mindim, onda da Üzeyirin mahnılarını eşitdim, “yaman dincəldim”. Ondan sonra dedim ki, daha avtobusa minməyəcəyəm. 3 il olar ki, avtobusdan istifadə etmirəm”.

Millət vəkili Fərəc Quliyev ictimai nəqliyyatdan az-az istifadə edənlərdəndir:

“Bir neçə ay əvvəl dostlarımla birgə metrodan istifadə etmişəm. İki il olar ki, avtobusdan istifadə etmirəm”.

Millət vəkili Eldar İbrahimov əsasən metrodan istifadə edir. “Bir ay bundan qabaq nəvəmlə metroya minmişəm. İçərişəhərdən “Memar Əcəmi”yə gəlmişəm. Maşınla gedib, tıxaca düşməkdənsə, metro daha yaxşıdır. Avtobusa isə uzun müddətdir ki, minmirəm”.

Deputat Fəzail Ağamalı metroya minəndə gənclik illərini xatırlayır : “Uzun müddət olar ki, avtobusa da , metroya da minmirəm. Sonuncu dəfə avtobusa nə vaxt mindiyim tarixi yadımdan çıxartmışam. Maşınım var, neynirəm istifadə edim. Metroya minəndə nostalji hisslərə qayıdıram. Nostalji hisslərlə yaşamaq çox çətindir. Gənclik kövrək hisslərlə doludur.

Millət vəkili Musa Qasımlı: “Mən hələ deputat seçilməmişdən əvvəl şəxsi avtomobilim olub, adətən şəxsi avtomobilimi özüm idarə edirəm. Buna baxmayaraq, bəzən metrodan və avtobusdan istifadə edirəm, bəzi vaxtlarda isə piyada da hərəkət edirəm. Bir neçə ay əvvəl metroya minmişəm. O da tıxacla bağlı olub. “20 yanvardan” minib, “Nəsimi”metrostansiyasında düşmüşəm”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti