Hesablama Palatasının növbəti iclası keçirilib

Hesablama Palatasının növbəti iclası keçirilib
  07 Dekabr 2018    Oxunub:1676
Dekabrın 7-də Hesablama Palatasının fəaliyyətə başlamasının 17 ili tamam olur.
Hesablama Palatasının mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, kollegiya iclasında palata sədri Vüqar Gülməmmədov dekabrın 7-də Hesablama Palatasının fəaliyyətə başlamasının 17-ci ilinin tamam olması münasibətilə palata üzvlərini və əməkdaşlarını, qurumun fəaliyyətə başladığı ilk gündən burada işləyən əməkdaşları xüsusi qeyd edərək təbrik edib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Sentyabrın 5-dən "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının yeni Qanununun qüvvəyə mindiyini qeyd edən sədr Vüqar Gülməmmədov Hesablama Palatasının Qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üzrə qarşıda duran işlər barədə danışıb.

Kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. Müzakirə olunan məsələlər arasında "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərdən istifadəyə dair; Bərdə Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair; "Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları" yer alıb.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin "Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları" geniş müzakirə olunaraq təsdiqlənib.

Azvision.az


Teqlər: Hesablama-Palatasi  





Xəbər lenti