Qəbirdaşlarının formaları təsdiqləndi

Qəbirdaşlarının formaları təsdiqləndi
  07 Dekabr 2018    Oxunub:3605
Baş nazir Novruz Məmmədov “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib.
Azvision.az xəbər verir ki, qaydalara əsasən qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Qaydalarda qəbir yerlərinin rezervasiyası da öz əksini tapıb. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir.

Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.

Qaydalarda qəbirüstü tikililərə dair tələblər öz əksini tapıb. Belə ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydaların 13.2.8-ci yarımbəndinə əsasən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.

Azvision.az


Teqlər: Qəbirstanlıq  





Xəbər lenti