Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
  07 Dekabr 2018    Oxunub:1520
Nazir Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Nazir Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və 5 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə Milanda baş tutan görüşü barədə məlumat verdi.

Daha sonar nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihələrindən bəhs etdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd etdi.

Uess Mitçel ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini qeyd etdi və Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardı.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti