BNA sədri: “Belə qaraj dünyanın heç bir yerində yoxdur” - FOTOLAR

 BNA sədri:  “Belə qaraj dünyanın heç bir yerində yoxdur” -  FOTOLAR
  03 Dekabr 2018    Oxunub:14474
Parlament Jurnalistlər Birliyi və deputatların Bakı Nəqliyyat Agentliyinə (BNA) mediaturu təşkil olunub.

Azvision.az-ın əməkdaşının da iştirak etdiyi mediatur zamanı ilk olaraq “Bakubus”un qarajına baş çəkilib. KİV nümayəndələri deputatlarla birlikdə orada yaradılan şəraitlə tanış olublar.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, belə bir qaraj dünyanın heç bir yerində yoxdur. O, dünyanın bir sıra ölkələrində olan avtobus qarajlarında olduğunu diqqətə çatdırıb.



Qeyd edilib ki, “Bakubus”ın qarajı 24 saat fəaliyyət göstərir. Avtobuslar buradan fəaliyyətə başlayır. İş saatı 06:00-dan 24:00-a qədərdir. Sürücülər səhər saat 04:30-dan qarajda olurlar. Burada yoxlanışdan keçdikdən sonra, avtobusu mexanikdən təhvil alırlar. Axşam avtobuslar gələndən mexaniklər yoxlayırlar. Hər hansı bir nasazlıq varsa, təmir mərkzinə gedir. Təmirdən sonra yuyulma, dezinfeskiya, doldurma və parklanma olunur".



BNA sədri vurğulayıb ki, paytaxtda 300-ə yaxın “Bakubus” fəaliyyət göstərir, onların da 270-280-i xəttə buraxılır, digərləri ehtiyat olaraq saxlanılır.

“Bir avtobus gündəlik olaraq 1200 sərnişin daşıyır. Paytaxtda gündəlik 2050 avtobus xəttə buraxılır. Gün ərzində avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 15-17 faizi "Bakubus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətun qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun".



V.Kərimli diqqətə çatdırıb ki, gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək. Onlardan 280-i 12 metrlik, 20 ədədi 18 metrlik olacaq. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə ediləcək.

BNA sədri, həmçinin əlavə edib ki, Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.
“Bu gün çox ciddi sürücü problemi var. Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".



Mediatur iştirakçılarına məlumat verilib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb və həmin tələblər hökumətə təqdim olunub.

Daha sonra V.Kərimli bildirib ki, həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır.

Həmçinin qeyd olunub ki, agentliyə Bakıda əlavə olaraq 3 qaraj təhkim olunub. Həmin qarajlarda yenidənqurma işləri aparılacaq.



Agentlik sədri avtobuslarda kart sisteminin qurulmasının çox vacib məsələ olduğunu deyib. Onun sözlərinə görə, Bakı şəhərində təxminən 2 minə yaxın avtobus fəaliyyət göstərir: “Onun 500-ə yaxını kartla işləyir. Kartla işləmək şəffaflıq deməkdir. Çünki vətəndaşın yola verdiyi haqq bütün sistemdə görünür. Daşıyıcı onu necə olaraq əldə etdi, hara xərclədi və s. Digər daşıyıcılarda bu bilinmir. Biz çalışırıq ki, ictimai nəqliyyatda ilk olaraq şəffaflıq yaradaq”.



Daha sonra mediatur iştirakçıları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar. Buradan nəqliyyat sisteminə necə nəzarət olunması barədə geniş məlumat verilib.

Qeyd edək ki, mediaturda Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov və Naqif Həmzəyev də iştirak ediblər.













Anar Kəlbiyev
Azvision.az


Teqlər: BNA   Nəqliyyat  





Xəbər lenti