Prezidentə təbriklər davam edir

Prezidentə təbriklər davam edir
  02 Noyabr 2013    Oxunub:1129
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir.
ABŞ Konqresinin üzvü Pit Qalleqo Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: "Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Ölkələrimizi ekstremizmin qarşısının alınması, dünyada tolerantlığın təşviqi və inkişafın dəstəklənməsi kimi ortaq dəyərlər birləşdirir.

Həmçinin bizim ortaq dəyərlərimiz müxtəliflik, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələləri özündə ehtiva edir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Bu qədər ümumi dəyərlərimizin olduğu bir halda Sizinlə daha sıx əlaqələrin qurulmasında maraqlıyıq. Əminəm ki, Azərbaycan demokratiya yolu ilə irəliləyərək daha da güclənəcəkdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram".

***

ABŞ-ın Tennesi ştatının Memfis şəhərinin meri A C Vartondan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümumxalq seçkiləri demokratik prosesin əhəmiyyətli bir hissəsidir. Sizin qalib gəldiyiniz bu seçkilər də Azərbaycanda demokratiyanın inkişafının növbəti mərhələsinin göstəricisidir.

ABŞ ilə Azərbaycan strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın təməlində qarşılıqlı maraqlar dayanır. Biz Azərbaycanın ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin təşviqi sahəsindəki səylərini yüksək dəyərləndiririk. Azərbaycan ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına, avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Zati-aliləri, bütün bunlar Sizin rəhbərliyinizlə Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzu qazandırmışdır.

Cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycan demokratiyasının inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

***

ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin Deputatlar Palatasının üzvü Ronald Voltersdən: "Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm bir addım münasibətilə təbrik edirəm.

ABŞ ilə Azərbaycanın ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələri bir amerikalı kimi məni çox sevindirir. Ölkələrimizin cəmiyyətlərini müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender bərabərliyinə hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Mən ölkənizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səyləri dəstəkləyir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində liderliyini alqışlayıram.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram".

***

ABŞ-ın Texas ştatı Nümayəndələr Palatasının üzvü Cim Pittsdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilər Azərbaycanda demokratik inkişaf prosesinin əhəmiyyətli bir mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycanı bir sıra ortaq dəyərlər birləşdirir. Ölkələrimiz insan hüquqları, azadlıq, demokratiya və müstəqilliyi dəstəkləyir, ekstremizmin yayılmasının qarşısının alınması uğrunda birgə fəaliyyət göstərir.

Birləşmiş Ştatlar Avropanın enerji təhlükəsizliyi məsələsində Sizin rəhbərliyinizlə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.

Azərbaycanda ali dövləti vəzifəyə Sizin - xalqın etibarını qazanmış siyasi xadimin seçilməsi çox mühüm məsələdir. Azərbaycan Sizin rəhbərliyinizlə ABŞ-ın və digər müasir demokratik ölkələrin etibarlı tərəfdaşına çevrilib.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram".

***

ABŞ-ın Tennesi ştatının Memfis Şəhər Şurasının sədri Mayron Loveridən: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Azərbaycan vətəndaşları bu seçkilərdə bir daha Sizin liderliyinizə inam və sədaqət nümayiş etdirdilər. Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan prezident seçkilərinin nəticələri Sizin daxili və xarici siyasətinizin xalq tərəfindən dəstəkləndiyini təsdiq edir. Əminəm ki, bu siyasət ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcəkdir.

Fürsətdən istifadə edib, iyun ayında mənim və Birləşmiş Ştatlardan olan digər rəsmilərin Azərbaycana səfəri zamanı göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Gənc müstəqil Azərbaycanın inkişafı bizim hamımıza çox xoş təəssürat bağışlamışdır. Əminik ki, qarşıdakı illərdə Azərbaycan Sizin rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Ölkələrimizi etnik müxtəliflik, tolerantlıq kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Azərbaycan cəmiyyətində bu dəyərlərin möhkəm kökləri vardır.
Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram və yaxın gələcəkdə ölkənizə yenidən səfər edəcəyimi səbirsizliklə gözləyirəm".

***

"N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi" Federal Dövlət Büdcə İdarəsinin direktor müavini, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Məmməd Əliyevdən:"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanlılar öz seçimləri ilə yenidən təsdiqlədilər ki, vətəndaşların mütləq əksəriyyəti Sizin ölkədə yürütdüyünüz siyasi və sosial-iqtisadi xətti dəstəkləyir, öz talelərini və övladlarının talelərini Sizə etibar edirlər. Bu, Azərbaycanda sabitliyin və davamlı inkişafın rəmzi, Sizin ölkə qarşısında xidmətlərinizə verilən yüksək qiymətdir.

Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycanın firavanlığına və çiçəklənməsinə yönəlmiş ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Ukrayna Ali Radasının deputatı İqor Molotokdan: "Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinə, Azərbaycan dövlətinin dünya birliyində sabit inkişafının təmin olunmasında yüksək xidmətlərinizin etiraf edilməsinə daha bir parlaq sübut oldu.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləmək istəyirik. Əminik ki, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq, ənənəvi dostluq əlaqələri bundan sonra da ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir".

***

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadan: "İcazə verin, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim.

Müstəqil Azərbaycanın son on ildə əldə etdiyi uğurlar və artmaqda olan nüfuzu dünya azərbaycanlılarının qəlbini qürur hissi ilə doldurur. Azərbaycan Respublikası üçün mühüm əhəmiyyətə malik olan vəzifələrin çoxu Sizin rəhbərliyinizlə artıq həyata keçmişdir.

Hələ qarşıda görüləsi işlər çoxdur. Xalqımız bunları Sizin rəhbərliyinizlə həyata keçirəcəkdir.

Cənab Prezident, qarşıya qoyulmuş məqsədlərə çatmaq, müstəqil Azərbaycan Respublikasının qüdrətini və nüfuzunu daha da artırmaq naminə çoxşaxəli, yaradıcı, əzmkar və yorulmaz fəaliyyətinizdə Sizə bundan sonra da uğurlar arzulayırıq".

***

Yunanıstanın "Alexander" Daşıma Şirkətinin rəhbəri və icraçı direktoru İlias Arapidisdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "Alexander" Daşıma Şirkətinin rəhbərliyi adından təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı diləyirəm.

Ümidvaram ki, gələcəkdə ölkənizlə əməkdaşlıq edəcəyik. Bu məsələdə Sizin dəstəyinizə güvənirik".

***

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadədən: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan icması adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə ali dövləti vəzifəyə seçilməyiniz Sizin Azərbaycan xalqı qarşısında qazandığınız yüksək nüfuzu tam təsdiq edir. Əminik ki, Sizin görkəmli lider keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasının siyasi sabitliyinə və iqtisadi inkişafına xidmət edəcəkdir.

Eyni zamanda, icazə verin, Sizə Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə göstərdiyiniz hərtərəfli dəstəyə görə təşəkkürümüzü bildirək.

Son illər Azərbaycan mədəniyyətində, incəsənətində müşahidə olunan yeniliklər və inkişaf meyilləri bizdə xüsusi fərəh hissi doğurur. Əminik ki, bu uğurlar bundan sonra da davam edəcəkdir.

Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzi mədəniyyət və təhsil sahələrində əldə olunmuş razılaşmaların reallaşdırılması üçün səylərini əsirgəməyəcək və Azərbaycanın bu sahələrdə uğurlarının bundan sonra da Serbiyada və bütövlükdə Balkan regionunda təbliğ olunmasına, həmçinin ölkəmizin maraqlarına uyğun olaraq ikitərəfli əməkdaşlığın inkişafına çalışacaqdır.

Əminik ki, dünya azərbaycanlılarının lideri olan Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək Sizə Serbiyada yaşayan və təhsil alan həmvətənlərimiz adından ən xoş arzularımızı çatdırır, Azərbaycanımızın çiçəklənməsi və inkişafı naminə ali dövləti vəzifənizdə uğurlar diləyirik. Allah Sizi qorusun!"

***

Türkiyənin Samanyolu Yayım Qrupunun sədri Hidayet Karacadan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edir, hər ötən gün modernləşən və inkişaf edən Azərbaycanı dünyada layiq olduğu səviyyəyə çıxarmaq istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".


Teqlər:





Xəbər lenti