Zurabişvili Qərbə doğru: Gürcüstanda erməni təhlükəsi - ŞƏRH

 Zurabişvili Qərbə doğru:  Gürcüstanda erməni təhlükəsi -  ŞƏRH
  30 Noyabr 2018    Oxunub:4061
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hələlik xarici siyasət kursunu elan etməyib. Lakin onun ilk səfərini Avropa ölkələrinə edəcəyi barədə açıqlaması Zurabişvilinin Qərbə istiqamətlənən siyasət yürüdəcəyindən xəbər verir.
Qonşu ölkənin ilk qadın rəhbəri Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı olmadığı qənaətindədir. Belə olduqda, Tbilisi ilə Moskva arasında soyuq münasibətlərin bundan sonra da davam edəcəyi gözlənilir.

Məsələni AzVision.az-a şərh edən politoloq Sahil İskəndərovun sözlərinə görə, Gürcüstanın daxili siyasətinin konteksti birbaşa xarici siyasət kursunun istiqamətindən asılı olacaq.

“Gürcüstanın daxili ictimai-siyasi və digər məsələlərində cəmiyət konsensusa gələcək və ölkənin mövcudluğunu qoruyub saxlayacaq və inkişaf etdirməyə çalışacaq. Xarici siyasət kursunun istiqamətləri barədə Zurabişvili çox da vaxt itirməyib. Bəyan edib ki, Gürcüstan Qərb yönümlü siyasət yürüdəcək. Onun ilk səfərinin istiqaməti kimi Avropa ölkələri seçilməsi də təsadüfi deyil. Bu ilk növbədə Gürcüstanın Qərbin nufuz orbitində olduğunun göstəricisidir. İkincisi də düşünürəm ki, bu, Zurabişvilinin birinci vətəni olan Fransaya olan reveransdır. Çünki Fransa Avropada söz sahibinə, aparıcı dövlətə çevrilməyə çalışır. Amma, istənilən halda Zurabişvili bu bəyanatları ilə Rusiyaya göz dağı verir”.

Politoloq qeyd edib ki, Gürcüstanda kimin prezident olmasından asılı olmayaraq, heç kim ölkənin ərazi bütövlüyünün pozulması ilə razılşamayacaq: “Bu baxımdan düşünürəm ki, Moskva məsələsində Zurabişvilinin verdiyi bəyanat o qədər də təəccüblü deyil. Sadəcə bir məqama diqqət edək. O, vurğulayıb ki, əgər Avropa və ABŞ Rusiya ilə ortaq məxrəcə gəlmək üçün təşəbbüslə çıxış edərlərsə, Gürcüstan da kənarda qalmayacaq. Yəni Zurabişvili demək istəyir ki, Rusiya ilə dialoqun baş tutması ilk növbədə Qərbin iradəsindən asılıdır. Bu bəyanatın ümumi kontekstində də Gürcüstanın ərazi bütövlüyü, birbaşa Moskvaya iradları dayanır”.



S.İskəndərovun fikrincə, hazırda Gürcüstan üçün ən ciddi və narahatlıq doğura biləcək problemlərdən biri erməni separatizmidir: “Bu, bir qədər üzəri küllə örtülmüş problemdir. Amma həm Rusiyanın, həm də Qərbin müəyyən dairələrinin əli ilə qızışdırıla bilər. Ermənilər Cavaxetiya ilə yanaşı Batumi limanı ilə bağlı iddia qaldırırlar. Bu təsadüfdürmü? Yox. Düşünürəm ki, Zurabişvili nə qədər Qərb yönümlü siyasətçi olsa da, region dövlətləri ilə əməkdaşlıq və tərəfdaşlıqla konkret mövqe tutmalıdır”.

Politoloq, həmçinin bildirib ki, Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik münasibətləri zamanın öz tələbidir: “Azərbaycan və Gürcüstan ərazi bütövlüyünün pozulması kimi sərt bir problemlə üzləşiblər. Bunun özü artıq Gürcüstan və Azərbaycanın vahid mövqedə çıxşı etməsini və daha əsası hərbi-siyasi, iqtisadi-siyasi müttəfiqliyini tələb edən zərurətdir. Hesab edirəm ki, yeni seçilən prezidnet bunlara da fikir verməlidir. Ermənistan, erməni separatizmi məsələsində çox ehtiyatlı olmalıdır. Bu baxımdan erməni separatizmi nəticəsində müharibəyə cəlb olunmuş Azərbaycanın təcrübəsi Gürcüstan üçün örnək ola bilər. Çünki Gürcüstanda da bilirlər ki, erməni separatizmi ani olaraq qızışa bilər. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həm də peşəkar diplomat olan Zurabizşvili Azərbaycanla münasibətləri daha da inkişaf etdirəcək”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Gürcüstan   Seçki   Zurabişvili  





Xəbər lenti