Politoloq: “Zurabişvilinin qələbəsini gözləmirdik”
Gürcüstandakı prezident seçkilərinin ikinci turunun nəticələrini AzVision.az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, seçkinin nəticələrində müəyyən saxtakarlığa yol verilib.
“Gürcüstandakı prezident seçkilərinin nəticələri gözlənilməz oldu. Buna səbəb seçici səslərinin kütləvi şəkildə satın alınmasıdır. İkinci tur öncəsi 600 min adamın banklara olan borcunun ödənilməsi haqqında öhdəlik müqaviləsi bağlanıldı. Buna təminatı Bidzina İvanaşvili öz üzərinə götürdü. Eyni zamanda həmin şəxslərlə seçkidə kimə səs verəcəkləri ilə bağlı müqavilə bağlanıldı və onlara nəzarət olundu. Bu baxımdan seçkinin Seçki Məcəlləsinin tələblərinə uyğun və düzgün keçirildiyini zənn etmirəm”.
Sabiq prezident Mixail Saakaşvilinin tərəfdarlarını küçələrə çağırmasına münasibət bildirən politoloqun fikrincə, indiki halda müxalif qüvvələr bir olmalıdır.
“Ehtimal etmirəm ki, bu, hansısa ciddi nəticələr versin. Amma müxalifət indiki şəkildə birliyini qoruyub saxlasa və birgə hərəkət etsə, müəyyən nəticələri ola bilər. Yox, əgər yenə də pərakəndəlik, bir-birinə qarşılıqlı ittihamlar yolu tutsalar çətin ki, hədəflərə çatılsın”.
Seçkidən öncə ermənipərəst çıxışları ilə seçilən Zurabişvilinin Azərbaycanla münasibətlərinə gəlincə, politoloq bildirib: “Gürcüstanda prezidentin səlahiyətləri azdır. Ona görə də hesab edirəm ki, Azərbaycanla münasibətlər dəyişilməyəcək. Gürcüstan bir çox sahələrdə Azərbaycandan asılı ölkədir. Azərbaycanın Gürcüstan üçün çox böyük əhəmiyyəti var. Gürcüstan tərəfindən bu münasibətlər sadəcə qorunmağa və daha da inkişaf etdirilməyə möhtacdır. İki ölkə arasında münasibətlər indiyə qədər normal olub. Hazırkı səviyyədə qalmasının Azərbaycan üçün əhəmiyyətli olacağı qənaətindəyəm”.
Elvin Abdulqədirov
Azvision.az