Beynəlxalq Forumun iştirakçıları BSU-da

Beynəlxalq Forumun iştirakçıları BSU-da
  01 Noyabr 2013    Oxunub:1011
III Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana səfər edən xarici ölkə nümayəndələrinin bir qismi Bakı Slavyan Universitetinin qonağı olub, müəllim və tələbə kollektivi ilə görüşüb.
AzVision.az xəbər verir ki, universitetdə Tərcümə fakültəsinin dekan əvəzi dos. K.Hacıyevin Rusiyanın tanınmış ədəbiyyatşünası və tərcüməçisi, Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiya yazıçılar birliyinin üzvü, filologiya elmləri doktoru, prof. A.P.Bondarevlə görüşü baş tutub.
Çıxış edən prof. A.P.Bondarev Bakıda dəfələrlə olduğunu deyib: “Bu dəfəki gəlişimin səbəbi III Beynəlxalq Humanitar Forumdur. Forumda çıxış edəcəyim mövzu “Polisentrizm- çoxmədəniyyətliliyin dialoji forması kimi”. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri haqqında yazdığım məqalə sizin universitetin dərc etdiyi “Русский язык и литература в Азербайджане” jurnalında çap olunub.

Səfər zamanı Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun professoru Mixail Talalay və Piemonte Şərq Universitetinin (İtaliya) professoru Stefania Sini də Bakı Slavyan Universitetində olub. Qonaqların iştirakı ilə “Azərbaycanlılar II Dünya müharibəsində” mövzusunda dəyirmi masa keçirilib və Mixail Talalay İtaliyada işıq üzü görmüş “Azərbaycanlılar II Dünya müharibəsində” kitabı haqqında məlumat verib.

Prof. A.P.Nesterov çıxışında bu kitab haqqında öz müsbət fikirlərini açıqlayaraq onun aktuallığından söz açıb. Eyni zamanda vurğulayıb ki, yaxın gələcəkdə Yekaterinburqun Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını səbirsizliklə gözləyir.

Görüşdə qonaqlar iştirakçıların suallarını cavablandırıb. Sonda qonaqlara BSU-nun xatirə hədiyyələri təqdim edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti