“Nikaha daxil olan şəxslər müqavilə bağlamalıdır” - Ceyhun Qaracayev

  26 Noyabr 2018    Oxunub : 1719
 “Nikaha daxil olan şəxslər müqavilə bağlamalıdır” - Ceyhun Qaracayev
Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə 6-dan çox işə baxılıb. Hakimin sözlərinə görə, maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar.

"Lakin təcrübədə bu, çox nadir hallarda baş verir. Nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq haqqında düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq, istifadə hüququnu əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər bir növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razıdırlar".

C.Qaracayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında bildirib ki, "keçmiş ailə üzvü"nün, yəni gəlinin mənzildən istifadə hüququna xitam verilməsi müvafiq kompensasiya ödənildikdən sonra icazə verilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məhkəmə   Hakim