“Erməni əsirliyində olan azərbaycanlı qadınlar dözülməz şəraitdə saxlanılır”

“Erməni əsirliyində olan azərbaycanlı qadınlar dözülməz şəraitdə saxlanılır”
  26 Noyabr 2018    Oxunub:5538
"Rəsmi qeydə alınan 288 nəfər itkin, 98 əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, bildirib ki, xaos, qeyri-sabitlik hökm sürən, silahlı münaqişələr baş verən ölkələrdə qadınlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar.

"Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir problemdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir. Bütün bunlar onu göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır".

H.Hüseynova qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. "Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir".

Komitə sədri vurğulayıb ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanlar daha da genişləndirilməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti