“Paşinyanın əynində Sarkisyanın geyimləri görünür” - Zahid Oruc

“Paşinyanın əynində Sarkisyanın geyimləri görünür” -  Zahid Oruc
  23 Noyabr 2018    Oxunub:2211
“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması humanitar hüquqi nöqteyi-nəzərdən bölgədəki münasibətlərə yaxşı təsir edər”

Bu barədə AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, girovların qaytarılması Qarabağ prosesinin irəliləməsinə müəyyən qədər kömək göstərə bilər:
“Düşənbədə bir neçə dəqiqəlik danışıqlar vasitəçilərsiz təması meydana çıxardı. Biz bundan sonra əsirlər məsələsində də anlaşdıq. Müdafiə Nazirlikləri arasında kontaktlar mövcuddur. Bütün bunlar yaxşı addımlardır. Növbəti addımlar prosesi ölü nöqtədən tərpətməyə kömək edərdi. Yoxsa Paşinyanın fəaliyyətində Sarkisyanlaşma gücləndikcə, ölkəsini dalana dirənmiş kimi görəcək. Bu, o deməkdir ki, iqtisadi izoliyasiyada yaşayan bir əhali qrupu, xalq sabit dövlət formalaşdıra bilməz. Türkiyə və Azərbaycanla düşmənçilik yaşayarkən regionda daim hansısa böyük ölkənin əlində forpost, dayaq nöqtəsi, kölə və.s ola bilərsən. Ondan artıq status sənə verilməyəcək. Əksini təsəvvür edin, görün nə ola bilərdi?”

Millət vəkili bildirib ki, bugünkü yeni erməni hakimiyyətinin baxışları əvvəlki xəttən çox da fərqlənmir: “Bu gerçəkdən bədbinlik doğurur. Həmçinin onların müharibəyə baxışını tamamilə özündə əks etdirir. Biz reallıqda nəyi müşahidə edirik? Sarkisyanı və Koçaryanı bütün siyasəti üzrə cinayətkar adlandıran, hətta onlara real hüquqi davalar açan bir hökumət başqa məsələdə, xüsusən Azərbaycanla əlaqədar keçmişdə həyata keçirilən aqressiyaları, dağıdıcılıq fəaliyyətlərini və regiondakı təhlükəsizlik problemlərinə “töhfə”ni sanki yüksək qiymətləndirirlər. Elə bil onlar arasında varislik mövcuddur. Bir qədər də obrazlı söyləsək, Paşinyan nə qədər demokratik libas geyinsə də, onun əynində Sarkisyanın və ya Koçaryanın geyimləri görünür. Nədir bunu aşkara çıxaran işarələr? Birinci növbədə, "Qarabağla danışıqlar aparmalısan" tələbi ilə çıxış olundu. İkinci, birbaşa ön cəbhəyə gəlmə və hərbi naturada özünü təqdimetmə. Üçüncü, övladını ön cəbhəyə göndərmə. Dördüncü, Azərbaycan tərəfindən girovların son sıra nəfərinə qədər dəyişək çağırışına reaksiya. Bu reaksiya bizim cinahdan verilən bəyanata nəinki adekvat olmadı. Eləcə də öz ölkəsinin içərisində əhalinin bir qrupunu az qala xəyanətkar və satqın adlandırdı. Doğrusu bilmirəm, bu kəndin əhalisi hansı formada bizə xidmət edir. Ölkəmizin kəşfiyyat orqanları ora necə sızıblar və dövlətimizin mənafeyinə necə xidmət etdirirlər. Bunu bir qədər ibarə ilə söyləyirəm. Yəni Paşinyanın o kəndi "5-ci kolon" və yaxud düşmən maraqlarına işləməkdə suçlamasından sonra qeyd edirəm. Amma bu adamlar borclu qalmayıblar. Dərhal kəndin aparıcı adamları ayağa qalxıblar. Hökumət rəhbəri vəzifəsini icra edən şəxsə Sarkisyan rejiminin yıxıldığı məlum aprel günləri xatırladılıb. Bəyan edilib ki, bütün hərəkəti iflic edənlərdən biri də o camaat olub. İronik şəkildə sual edirlər ki, necə olur həmin vaxt onlar igid idilər və yaxud rəşadətli bir mübarizədə sənin yanında idilər. İndi vəziyyət dəyişib, rəsmi iqtidara çevriləndən sonra sadə adamlar xaindirlər?"

Z.Oruc ortaya haqlı olaraq sualın çıxdığını söyləyib: "Gerçəkdən də haqlı sualdır. Onlar deyirlər ki, Kozoryanın alınması ilə bağlı yeni iqtidar ciddi addımlar atmalıdır. Bunun üçün Dilqəm və Şahbazı Azərbaycana qaytarmaq lazımdır. Bu, həqiqətən gerçək yanaşmadır ki, burada kiminsə əməlinə fərq qoymursan. Dərhal ermənilərin əlində olan adamların cinayət dosyesini yaradıblar. Guya Şahbazın əli ilə iki nəfər qətlə yetirilib, onun biri gənc olub. O cümlədən, bir neçə heyvana ziyan dəyib. Bunu da cinayət hadisəsi kimi bizim soydaşlarımızın adına yazıblar. Beləliklə, dediyimiz mənzərə meydana çıxıb.

Haqlı olaraq bu məsələ erməni cameəsində meydana sürülür ki, İsrail uzun illər Fələstinlə gündəlik savaş fonunda dəfələrlə "hamının-hamıya" prinsipi ilə girovların və ya əsirlərin dəyişdirilməsi əməliyyatına gedib. Hətta bir Kapraldan ötrü Həmasın yüzlərlə üzvünü geri qaytarıblar. Tərəziyə 1 nəfərin 100-ə prinsipini qoymayıblar. İstənilən bir şəxs, öz millətimizin nümayəndəsi, vətəndaşımız bizə qiymətlidir yanaşması İsraildə hakim mövqedədir. Ona görə ermənilər soruşurlar ki, yəhudilər ən son anda belə öz vətəndaşlarını atmırlar. Bəs bizdə necədir? Bu günün, zamanın sualıdır. Yeni hökumət də buna cavab verməldiir. Əminəm ki, Ermənistanda qısa bir zaman sonra özünü populyar kimi təqdim edən qüvvələr bir-birinin ardınca verdikləri bu kobud səhvlər, bir sıra hallarda onları cinayətlərə yuvarlayacaq və xalqın onlara hiddətini yaradacaq”.

Z.Oruc əlavə edib ki, Azərbaycandakı erməni əsirlərlə bağlı Paşinyana təzyiqlər güclənməkdədir: “Bununla bağlı erməni cəmiyyətində ayaqlanma və hakimiyyətə təzyiq güclənməkdədir. Hesab edirəm ki, bu, ən təsirli addımdır. Erməni tərəfi Şahbaz və Dilqəmi linç etməklə düşünürdülər ki, Qarabağı beynəlxalq aləmə hüquq subyekti kimi təqdim edəcəklər. Eyni zamanda kimsə özbaşına dədə-baba evinə qayıdar təhlükəsinə qarşı bu adamları cəzalandırdılar ki, qorxu sindromuna çevrilsin. Ermənilərin bu hərəkətləri ilk növbədə həmin şəxslərə zərbə oldu. Amma onlar əfv diləmədilər. Bu, o insanların xarakterini göstərir. Onların xilası üçün Azərbaycan tərəfinin əlində olan girovlardan, əsirlərdən nə formada istifadə edəcəyi ilə bağlı beynəlxalq təşkilatlarla işi gücləndirməliyik. Belə olan halda əminəm ki, girovların qaytarılmasına yol açıla bilər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Girov   Zahid-Oruc  





Xəbər lenti