“Qarşımıza böyük məqsədlər qoyulub” - Yeni nazir müavini
Bunu Azvision.az-a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini qeyd edib ki, qarşıda peşə təhsilinin inkişafı istiqamətində böyük məqsədlər qoyulub: "Həmin məqsədlərin reallaşdırılması üçün həm nazirlik, həm də digər aidiyyatı müvafiq icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət həyata keçiriləcək. Önəmli məsələlərdən biri də işəgötürənlərin bu məsələdə iştirakıdır. Çünki peşə təhsilini bitirmiş şəxs əmək bazarında öz yerini tapa bilmirsə, bu peşə təhsilinin keyfiyyətinin aşağı olmasının göstəricisidir. Statistikaya diqqət yetirsək görərik ki, bu göstəricilər yaxşılaşıb. Turizm sahəsində peşə təhsili alanların 65 faizə yaxını özünü əmək bazarında tapır. İKT sahəsində bu göstərici 75 faiz, xidmət sahəsində isə 70 faizə yaxındır. İnanırıq ki, növbəti illərdə göstəricilər artacaq. Çünki peşə təhsilinin keyfiyyəti artır, maddi-texniki bazası genişlənir, yeni ixtisaslar daxil edilir. İşəgötürənlər əmək bazarının tələblərinə uyğun olaraq bizdən yeni ixtisaslı kadrlar tələb edir. Bu tələblərə cavab verən peşə təhsili sistemi yaradılır".
İ.İsayev əlavə edib ki, peşə təhsili inkişaf edən ölkələrdə ümumi daxili məhsul artır, insan kapitalının formalaşması müşahidə olunur: "Xüsusilə, gənclərin məşğulluğu və onların əmək bazarına çıxışı təmin olunur. Həmçini işsizlik və yoxsulluq səviyyəsi aşağı düşür. Bu baxımdan inkişaf etmiş ölkələrdə orta məktəb məzunlarının 50 faizdən çoxu peşə təhsilinə üstünlük verirlər. Sovet dövründə bizdə də belə yanaşma olub. Müstəqilliyin ilk dövrlərində isə bu yanaşma bir qədər aşağı düşüb. Bu gün peşə təhsili sisteminin maddi texniki bazasının genişləndirilməsi, innovasiyaların bu sistemə daxil edilməsi istiqamətində ciddi tədbirlər görülür. Bildiyimiz kimi, 2018-ci ildə "Peşə təhsili haqqında" qanun qəbul edilib. Hazırda həmin qanun tətbiqi barədə fərmandan irəli gələn normativ hüquqi aktları hazırlayırıq".
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. O, bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: İdris-İsayev Nazir-müavini